CƏMİYYƏT
Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb
Bakı, 25 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəsi olan obyektin fəaliyyətini dayandırıb.
FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Binəqədi rayonu, Qəzənfər Musabəyov küçəsi, ev 4A ünvanında yerləşən “Hacı Yusif” şirkətinə məxsus mebel istehsalı sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki, obyektin ərazisi yanar tullantılardan təmizlənməyib, obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi ilə təmin edilməyib, obyektin ərazisində yanğın su hovuzu mövcud deyil, bəzi hissələrdə tavan və divarlar tezalışan üzlüklə üzlənib, obyekt ilkin yanğınsöndürmə alət və vasitələri ilə tam təmin olunmayıb. Bundan əlavə, elektrik təsərrüfatı “Elektrik qurğularının quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və obyektin daxilində hər an yanğın təhlükəsi yarada biləcək elektrik birləşmələri mövcuddur.
Mövcud vəziyyət onu göstərib ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilən mebel istehsalı sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.