Yanvarda “Bir Pəncərə” vasitəsilə ixracın dəyəri 9 milyon ABŞ dolları olub
Bakı, 31 yanvar, AZƏRTAC
Cari ilin yanvar ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 9 milyon ABŞ dolları olub.
AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın yanvar sayına istinadla bildirir ki, ötən ilin yanvar ayı ilə müqayisədə ixracda 2,3 faiz artım müşahidə olunub.
Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə bu ilin yanvar ayı ərzində 23 hüquqi və fiziki şəxslər tərəfindən 103 dəfə müraciət daxil olunub. Ümumilikdə 293 ədəd sertifikat (47 ədəd mənşə, 9 ədəd baytarlıq, 235 ədəd fitosanitar, 2 ədəd CİTES) verilib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təqdim etdiyi sertifikatların ölkələr üzrə bölgüsünə baxsaq birinci yerdə Türkiyə (68,3 faiz), ikinci yerdə Rusiya (15,5 faiz), üçüncü yerdə isə Sinqapur (5,8 faiz) qərarlaşıb.