YAPONİYA BEYNƏLXALQ ƏMƏKDAŞLIQ BANKININ PREZİDENTİ İLƏ GÖRÜŞ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 10-da Tokioda, onun üçün ayrılmış iqamətgahda Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının prezidenti Kyuozuke Şinozavanı qəbul etmişdir.
Prezident İlham Əliyevlə görüşməyindən məmnunluğunu söyləyən bankın rəhbəri inkişaf etməkdə olan Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiklərini və əlaqələrin gələcəkdə də davam etdiriləcəyini bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın iqtisadi imkanlarından, ölkəmizdə aparılan islahatlardan və onların uğurlu nəticələrindən danışdı. Bildirdi ki, Azərbaycan özünün indiki inkişaf mərhələsində dünyanın qabaqcıl dövlətlərinin, o cümlədən Yaponiyanın təcrübəsinin öyrənilməsinə, bu ölkələr ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir. Yaponiya şirkətlərinin ölkəmizə maraq göstərməsini müsbət qiymətləndirən Prezident İlham Əliyev dedi ki, respublikamızda xarici iş adamlarının fəaliyyəti, sərmayələrin qorunması üçün əlverişli şərait yaradılmışdır və bu iş gələcəkdə də davam etdiriləcəkdir.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə də fikir mübadiləsi oldu.