YAPONİYA GİMNASTLARI BAKIYA GƏLƏCƏKLƏR
Respublika Gimnastika Federasiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gündoğar ölkənin gimnastları Yaponiyanın Olimpiya ehtiyatına baxış statusu olan milli yarışlara hazırlaşmaq üçün yığmamızla birlikdə təlim-məşq toplantısı keçəcəklər.
Beynəlxalq dərəcəli hakim Riki Yamamotonun sözlərinə görə, Bakı, ilk növbədə, ölkələrimizin gimnastika federasiyalarının dostluğu nəzərə alınmaqla, təlimlər üçün münasib bilinmişdir. O demişdir: “Biz Azərbaycanın təşkilatçılıq bacarığını – oktyabrda keçirilən bədii gimnastika üzrə dünya çempionatını, habelə komandaların məşq etmələri və yarışlar üçün yaradılan gözəl şəraiti yaxşı xatırlayırıq. Komandamız bu toplantı zamanı öz təmrinlərini daha da təkmilləşdirəcək, yeri gəldikdə azərbaycanlı idmançılardan da təcrübə qazanacaq, sparrinqlər keçirəcəkdir”.
Azərbaycan komandasının məşqçisi Natalya Nərimanova yapon gimnastlarla birgə Bakıda təlim-məşq toplantısının keçiriləcəyindən razılığını bildirmişdir. O demişdir: “Sevindirici haldır ki, başqa ölkənin gimnastları Bakıda məşq edəcəklər. Zənnimizcə, Yaponiyanın qrup təmrinləri üzrə komandasının nə qədər güclü olduğunu Bakı çempionatı gözəl nümayiş etdirdi. Yeri gəlmişkən, Hyoqo prefekturasının komandası müxtəlif beynəlxalq turnirlərin qalibi və mükafatçısıdır. Ona görə də bizim onlardan öyrənmək və qazanılan təcrübədən yığmamızın inkişafı üçün istifadə etmək imkanımız olacaqdır”.