Yaponiya hökuməti koronavirusa görə fövqəladə vəziyyət rejimi tətbiq olunan ərazini genişləndirib
Tokio, 14 yanvar, AZƏRTAC
Yaponiya hökuməti koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə fövqəladə vəziyyət rejimi tətbiq olunan ərazini genişləndirib.
AZƏRTAC xəbər verir ki, yanvarın 14-dən başlayaraq Osaka, Hioqo, Kioto, Aiçi, Qifu Fukuoka və Toçiqi prefekturaları bir həftə əvvəl fövqəladə vəziyyət rejiminin tətbiq olunduğu Tokio və digər üç prefekturanın daxil olduğu siyahıya əlavə edilib. Bildirilir ki, bu 11 prefekturada fövqəladə vəziyyət rejimi fevralın 7-dək davam edəcək.
Məsələni şərh etmək üçün KİV-lərin qarşısına çıxan Baş nazir Yoşihide Suqa deyib: “Yaranmış vəziyyəti tezliklə geridə qoymaq üçün əhali, dövlət və yerli hakimiyyət orqanları əl-ələ verərək birlikdə həyat tərzimizə tətbiq olunan məhdudiyyətləri həyata keçirməli və böhranı aradan qaldırmalıdırlar. Hökumət insanların yaşaması üçün mümkün olan bütün addımları atacaq”.
Qeyd edək ki, Yaponiyada tətbiq edilən məhdudiyyətlər siyahısına ictimai iaşə obyektlərinin saat 20:00-da bağlanması, müəssisələrdən məsafədən işləmə qaydasının tələb edilməsi, ictimai nəqliyyatda sərnişinlərin sayını 70 faizədək azaldılması və axşam saatlarında, xüsusən saat 20:00-dan sonra əhəmiyyətsiz gəzintilərin təxirə salınması daxildir.
Bildirilir ki, bu barədə qərar artıq öz təsirini göstərməkdədir. Belə ki, ötən həftənin cümə günündən bəri “Toreta” onlayn bronlama şirkətinin məlumatına görə restoranlarda ziyarətçilərin sayı 60 faizədək azalıb.
Əlavə olaraq qeyd edək ki, yanvarın 13-ə olan son məlumata görə, Yaponiyada COVID-19 virusundan həyatını itirənlərin sayı 97 nəfər təşkil edib. Daha 900 nəfərin vəziyyətinin çox ağır olduğu bildirilir. Həmin gün ölkə üzrə virusa 5 min 871 nəfər yoluxub. Bu şəxslərin 80 faizi fövqəladə vəziyyət rejiminin tətbiq olunduğu 11 prefekturada yaşayır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio