Yaponiya şirkətləri azərbaycanlı sahibkarlarla əməkdaşlığa böyük maraq göstərirlər
Bakı, 5 noyabr (AZƏRTAC). Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi, Sakura Azərbaycan-Yaponiya İctimai Birliyinin təşkilatçılığı ilə noyabrın 5-də Azərbaycan-Yaponiya işgüzar görüşü keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AZPROMO-nun vitse-prezidenti Vidadi Quliyev Azərbaycanın qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, ölkəmizin iştirakçısı olduğu irimiqyaslı regional layihələr və təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat vermişdir.
Yaponiyanın “World İnvestors TV” şirkətinin rəhbəri Kazuyasu İşida da öz növbəsində rəhbərlik etdiyi şirkətin fəaliyyətindən danışmışdır. Kazuyasu İşida kənd təsərrüfatı, maliyyə, daşınmaz əmlak və digər sahələrdə fəaliyyət göstərən yapon şirkətlərinin azərbaycanlı sahibkarlarla əməkdaşlığa böyük maraq göstərdiyini vurğulamışdır.
Tədbirdə, həmçinin Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinə dair təqdimat keçirilmişdir.