Yaponiyalı investorlar Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik ediblər
Tokio, 8 noyabr, AZƏRTAC
Yaponiyanın “LDS Group” investisiya şirkətinin üzvü olan yapon investorlar Azərbaycan xalqını Vətən müharibəsində Qələbənin birinci ildönümü - Zəfər Günü münasibətilə təbrik ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan xalqına ünvanlanan təbrik şirkətin Okinava prefekturasında keçirilən üç günlük görüşdə səslənib. “TET International Development Co.Ltd.” şirkətinin də daxil olduğu “LDS Group”un toplantısında Azərbaycan ilə Okinava prefekturası arasında əməkdaşlıq əlaqələrinin qurulması müzakirə edilib. Ümumilikdə 28 investorun qatıldığı tədbirdə Azərbaycanda, xüsusən işğaldan azad edilən Qarabağ regionunda kənd təsərrüfatının inkişafı məqsədilə investisiyaların yönəldilməsi məsələsi diqqət mərkəzində olub.
Toplantıda çıxış edən “LDS Group”un prezidenti Tamiyuki Miyamoto deyib: “Azərbaycanın kənd təsərrüfatının gələcəyi çox perspektivlidir və burada inkişaf üçün böyük potensial var. Bu ərazidə istehsal edilən məhsulların üçüncü ölkələrə ixracı çox perspektivli işdir.
Azərbaycan bu gün möhkəm iradəyə malik olan Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm uğurlar qazanır. Bu uğurların içərisində 8 Noyabr - Zəfər Günü xüsusi yer tutur. Həmin gün 44 gün davam etmiş müharibə nəticəsində möhtəşəm Qələbənin birinci ildönümü tamam olur. Azərbaycan bu müharibə nəticəsində 30 ilə yaxın bir dövrdə işğal altında qalan torpaqları azad edib. Biz inanırıq ki, müasir infrastrukturun yaradılmasına yönələn siyasətin həyata keçirilməsi nəticəsində bu region gələcəyin ən qabaqcıl yerlərindən birinə çevriləcəkdir”.
Noyabrın 6-dan 8-dək Okinavada təşkil edilən toplantıda cari ilin oktyabrında Bakıda ASK və “TET International Development Co.Ltd.” şirkəti tərəfindən təşkil edilmiş “Yaponiya və Azərbaycanı birləşdirən investorlar” forumu haqqında da ətraflı məlumat verilib. Təəssüf hissi ilə bildirilib ki, ümumilikdə 400-dək investoru birləşdirən “LDS Group” şirkətinin bütün üzvləri həmin toplantıya qatıla bilməyiblər. Buna görə də Okinava görüşündə bu üzvlərə Bakı forumu barədə ətraflı məlumat çatdırılıb.
Qeyd edək ki, Okinava toplantısının bütün iştirakçılarına Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin təşkilatçılığı və Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanmış maskalar təqdim edilib. Həmin maskaların üzərində üç dildə “Qarabağ Azərbaycandır!” sözləri, Vətən müharibəsi haqda onlayn məlumatın yerləşdirildiyi QR-kod, “Xarı bülbül” rəmzi və ingilis dilində “Evə qayıdış” sözləri yer alıb.
Toplantının sonunda şirkətin 2022-ci ildə Azərbaycana təşkil edəcəyi biznes-turla bağlı məsələlər də müzakirə edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio