DÜNYA
Yaponiyanın yeni “Ağ kitab”ında ölkənin müdafiə sahəsində gələcək prioritetləri öz əksini tapıb
Tokio, 27 sentyabr, AZƏRTAC
Yaponiyanın 2019-cu il üzrə yeni “Ağ kitab”ında ölkənin müdafiə sahəsində gələcək prioritetləri öz əksini tapıb.
Yaponiya Müdafiə Nazirliyindən AZƏRTAC-ın Yaponiyadakı bürosuna daxil olan və “Milli müdafiənin yeni əsas proqramı” adlanan məlumatda qeyd edilir ki, qarşıdakı illərdə Yaponiya öz müdafiəsini əsasən kosmosda, kiberməkanda və elektromaqnit şüalanma sahəsində möhkəmləndirməyə üstünlük verəcək.
Sentyabrın 27-də hökumətə təqdim edilən yeni “Ağ kitab”da deyilir: “Kosmosda vəziyyətə nəzarət sistemini yaratmaq üçün kosmik məkan üzrə yeni xüsusi bölmənin təsis edilməsi və kadrların hazırlanması yolu ilə rəqibin idarəetmə və kommunikasiya sistemlərinə zərbə endirilməsi imkanlarının artırılması qərara alınıb”.
“Ağ kitab”da kosmik məkandan istifadə zamanı ABŞ-ın və onun müttəfiqlərinin əsas rəqibi kimi bu sahədə öz imkanlarını genişləndirən Rusiya və Çin kimi ölkələr göstərilir.
Sənəddə qeyd edilir ki, elektromaqnit dalğalardan istifadə radarların və digər kommunikasiya vasitələrinin fəaliyyəti üçün təhlükəlidir. Bildirilir ki, aparıcı ölkələrin qənaətinə görə, elektromaqnit dalğaları vasitəsilə hücum rəqibin elektron avadanlığına zərər vurulmasına, həmçinin hərbi komandanlığın işinə müdaxiləyə səbəb ola bilər və buna görə də həmin istiqamətdə imkanlar genişləndirilməlidir.
“Ağ kitab”da bildirildiyinə görə, kosmik məkan üzrə xüsusi bölmənin 2022-ci ildə yaradılması nəzərdə tutulur. Bundan əlavə, 2023-cü ildə ordunun üç növündə mövcud olan kibertəhlükəsizlik şöbələrini vahid kibermüdafiə bölməsində birləşdirmək planlaşdırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio