“Yaşıl Azərbaycan naminə” layihəsinin iştirakçıları Ağcabədidə olmuşlar
Ağcabədi, 10 oktyabr (AZƏRTAC). Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2011-ci il iyulun 11-də başladılmış Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (IDEA) ölkə miqyaslı növbəti ekoloji maarifləndirmə layihəsi çərçivəsində həyata keçirilən “Yaşıl Azərbaycan naminə” layihəsi üzrə növbəti ekoloji maarifləndirmə tədbiri Ağcabədi rayonunda keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Ağcabədi şəhərindəki 3 və 8 nömrəli tam orta məktəblərdə təşkil olunan ekoloji maarifləndirmə seminarlarında V-VIII sinif şagirdləri iştirak etmişlər.
Təlimləri respublikanın ali təhsil müəssisələrinin III-IV kurs tələbələrindən seçilmiş “yaşıl təlimçilər” aparmışlar. Şagirdlərə ekoloji problemlər, ekoloji mühitin qorunmasının vacibliyi, flora və faunanın mühafizəsi, təbiətə dost münasibət hisslərinin aşılanması və digər mövzularla bağlı geniş məlumat verilmişdir. Dinləyicilərə ətraf mühitlə bağlı çoxsaylı suallar verilərək onların biliyi yoxlanılmış, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
Təlimlərdə IDEA Ətraf Mühit Kampaniyasının humanist məqsədlərindən, həyata keçirilən ekoloji layihələrdən ətraflı bəhs olunmuş, seminarlarda iştirak edərək təlimatlandırılan şagirdlərin gələcəkdə öz bilik və məlumatlarını artırmaqla başqalarına da öyrətmələrinin vacibliyi qeyd edilmişdir
Sonda iştirakçılara maarifləndirici bukletlər paylanmışdır.