“Yaşıl Azərbaycan naminə” layihəsinin “Yaşıl təlimçiləri” Şamaxı və İsmayıllı rayonlarında olmuşlar
Şamaxı, 25 sentyabr (AZƏRTAC). Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən ötən il iyulun 11-dən başladılmış Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün―İDEA-nın ölkə miqyaslı növbəti ekoloji maarifləndirmə layihəsi çərçivəsində həyata keçirilən “Yaşıl Azərbaycan naminə” layihəsinin iştirakçıları sentyabrın 25-də Şamaxı və İsmayıllı rayonlarında olmuşlar.
AZƏRTAC xəbər verir ki, ölkənin 10 ali təhsil ocağının 3-cü və 4-cü kurs tələbələrindən ibarət 7 nəfər “Yaşıl təlimçi” əvvəlcə Şamaxıya gəlmişdir. Burada onlar Şamaxı Avropa Liseyində və Soltanməcid Qənizadə adına 1 nömrəli şəhər orta məktəbində olmuş, V, VI, və VII sinif şagirdləri üçün ekoloji maarifləndirmə seminarları keçirmişlər.
Seminarlara ümumilikdə 70 şagird cəlb olunmuşdur. Burada şagirdlərə dünyada baş verən ekoloji fəlakətlər, Yer kürəsinin, o cümlədən Azərbaycanın ekoloji vəziyyəti, Böyük Qafqazın cənub-şərq hissəsində yerləşən, zəngin flora və faunaya malik Şamaxı, onun təbiəti barədə ətraflı bilgilər verilmiş, bu gün ekoloji mühitin qorunmasının zəruriliyi, bu işdə hər kəsin üzərinə düşən məsuliyyət barədə geniş danışılmışdır.
Seminarlarda İDEA Ətraf Mühit Kampaniyasının humanist məqsədlərindən, getdikcə daha çox insanın, xüsusən yeniyetmə və gənclərin bu kampaniyanın həyata keçirdiyi ekoloji layihələrdə iştirakından da ətraflı bəhs olunmuşdur.
“Yaşıl Azərbaycan naminə” layihəsinin iştirakçıları olan “Yaşıl təlimçilər” günün ikinci yarsında İsmayıllı rayonuna gəlmişlər. “Yaşıl təlimçilər” şəhərdəki 2 və 5 nömrəli tam orta məktəblərdə seminarlar keçirmiş, şagirdləri ətraf mühitin qorunması ilə bağlı təlimatlandırmışlar.
Ekoloji seminarlarda hər iki məktəbdən ümumilikdə 132 nəfər iştirak etmişdir. Onlara da dünyada və Azərbaycanda ekoloji vəziyyət, ətraf mühitin, Yer kürəsində getdikcə daha çox təlabatın artdığı, hətta bir çox ölkələrdə ciddi qıtlıq olan sudan istifadə və onun qorunması məsələləri barədə ətraflı bilgilər verilmişdir.
Bildirilmişdir ki, “Yaşıl Azərbaycan naminə” layihəsinin ən mühüm məqsədlərindən də ekoloji mühitin qorunmasına insanların daha geniş kütləsinin cəlb edilməsidir. Bu baxımdan seminarlarda iştirak edən şagirdlərin təlimatlandırılması xüsusi diqqət mərkəzində saxlanılmışdır. Artıq iştirakçı məktəblilər bundan sonra “daşıyıcılar” hesab ediləcəklər. Onlar da öz bilik və məlumatlarını bundan sonra da genişləndirməklə başqalarına öyrədəcəklər.