İQTİSADİYYAT
Yaxın Şərq və Körfəz ölkələrinə ixracla məşğul olan şirkətlərlə müzakirələr aparılıb
Bakı, 23 iyun, AZƏRTAC
Yaxın Şərq və Körfəz ölkələrinə heyvan mənşəli və digər məhsulların ixracına dair aidiyyəti dövlət qurumlarının və ixracatçı şirkətlərin iştirakı ilə görüş keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilən görüşdə ixracatçı şirkətlərin qarşılaşdıqları çətinliklər, ehtiyacları və təklifləri dinlənilib, mövcud ixrac prosedurlarına dair fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri, Yaxın Şərq və Körfəz ölkələrinə ixracla məşğul olan, eləcə də bu ölkələrə ət, meyvə-tərəvəz, xurma, şokolad və s. məhsulların ixracına maraq göstərən iş adamları iştirak ediblər.