Yaxın Şərqdə artan gərginlik enerji əməkdaşlığının strateji əhəmiyyətini ön plana çıxarır - ŞƏRH
Bakı, 17 mart, AZƏRTAC
Hazırkı geosiyasi proseslər fonunda enerji tərəfdaşlığı məsələsinin ön plana çıxması tam qanunauyğundur. Mövcud münaqişə fonunda xüsusilə Hörmüz boğazı ətrafında yaranmış gərginlik diqqət mərkəzindədir. İran tərəfindən boğazda hərəkətin məhdudlaşdırılması və ya tam bağlanması ehtimalı qlobal enerji bazarlarında ciddi risklər yaradır. Nəzərə almaq lazımdır ki, dünya üzrə daşınan neftin əhəmiyyətli hissəsi məhz bu strateji marşrutdan keçir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.
Onun sözlərinə görə, enerji təchizatı ilə bağlı risklərin artması ölkələri daha etibarlı və sabit tərəfdaşlarla əməkdaşlığa üstünlük verməyə sövq edir.
“Bu gün enerji resurslarına malik olmaq qədər, həmin resursların təhlükəsiz, fasiləsiz və siyasi təsirlərdən kənar şəkildə bazarlara çatdırılması da mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, enerji marşrutlarının şaxələndirilməsi və yeni alternativ dəhlizlərin formalaşdırılması beynəlxalq gündəliyin əsas istiqamətlərindən birinə çevrilib. Məhz bu kontekstdə Azərbaycan uzun illərdir nümayiş etdirdiyi etibarlı tərəfdaş imici ilə seçilir. Azərbaycan enerji əməkdaşlığını heç vaxt siyasi təzyiq alətinə çevirmir. Ölkəmiz tərəfdaş dövlətlərlə münasibətlərini qarşılıqlı etimad və beynəlxalq hüquq normaları əsasında qurur. İmzalanmış müqavilələrə sadiqlik və öhdəliklərin vaxtında yerinə yetirilməsi Azərbaycanın beynəlxalq enerji bazarlarında nüfuzunu daha da möhkəmləndirib”, – deyə o vurğulayıb.
Nadir Azəri qeyd edib ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən iri enerji layihələri regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir: “Bakı–Tbilisi–Ceyhan neft kəməri və Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi layihələr təkcə enerji resurslarının ixracını təmin etmir, eyni zamanda, region ölkələri arasında iqtisadi inteqrasiyanı gücləndirir və geosiyasi sabitliyə xidmət edir. Bu layihələr Avropa və digər bazarlar üçün alternativ və təhlükəsiz enerji mənbələrinin formalaşmasına imkan yaradır. Mövcud geosiyasi reallıqlar yaxın gələcəkdə bir çox ölkələrin enerji strategiyalarına yenidən baxmasına səbəb ola bilər. Enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ölkələr daha stabil və etibarlı mənbələrə yönələcək, bu isə Azərbaycan kimi tərəfdaşların rolunu daha da gücləndirəcək. Eyni zamanda, enerji marşrutlarının diversifikasiyası və yeni layihələrin həyata keçirilməsi istiqamətində təşəbbüslərin artacağı gözlənilir”.
Nadir Azəri qeyd edib ki, bütün bu proseslər Azərbaycanın qlobal enerji xəritəsində mövqeyini daha da möhkəmləndirir.
“Mövcud şəraitdə Azərbaycan həm etibarlı enerji təchizatçısı, həm də sabit və proqnozlaşdırıla bilən tərəfdaş kimi çıxış edir. Bu isə ölkəmizin beynəlxalq arenada strateji əhəmiyyətini daha da artırır və gələcək əməkdaşlıq perspektivlərini genişləndirir”, – deyə o fikrini yekunlaşdırıb.