Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 16-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Avropa Xalq Partiyasının baş katibi, Mərkəzçi Demokratlar İnternasionalının icraçı katibi Antonio-Lopez İsturizin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə AZƏRTAC-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası, eləcə də Mərkəzçi Demokratlar İnternasionalı arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Müzakirələrdə əminliklə vurğulanıb ki, Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası, eləcə də Mərkəzçi Demokratlar İnternasionalı arasında sıx əməkdaşlıq əlaqələri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına öz töhfəsini verəcək.
Görüşdə Mərkəzçi Beynəlxalq Demokratların Avrasiya və Sakit okean regionu üzrə koordinatoru və yeni üzvlüklər komitəsinin vitse-prezidenti Cesar Mateo Rossello Lopez iştirak ediblər.
Həmin gün Yeni Azərbaycan Partiyasının qərargahında Avropa Xalq Partiyasının baş katibi, Mərkəzçi Demokratlar İnternasionalının icraçı katibi Antonio-Lopez İsturiz, Mərkəzçi Beynəlxalq Demokratların Avrasiya və Sakit okean regionu üzrə koordinatoru və yeni üzvlüklər komitəsinin vitse-prezidenti Cesar Mateo Rossello Lopez ilə YAP icra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov da görüşüblər.