Yeni geosiyasi şəraitdə sosial inkişafın planlaşdırılması yolları - elmi konfrans
Bakı, 23 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə “Yeni geosiyasi şəraitdə sosial inkişafın planlaşdırılması və proqnozlaşdırılması yolları” mövzusunda Respublika elmi konfransı keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəhidlərin əziz xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov “Dünya siyasətində Qərbi Azərbaycan probleminə münasibətdə fərqli yanaşmaların mahiyyəti və təzahür xüsusiyyətləri” mövzusunda çıxış edib. O bildirib ki, Azərbaycan xalqı uzun illər ermənilərin etnik təmizləmə siyasətinin təsirinə məruz qalıb. Vaxtilə böyük əksəriyyətini azərbaycanlıların təşkil etdiyi Ermənistan ərazisində hazırda bir nəfər də olsun soydaşımız yaşamır. Əksinə, zorakılıqla öz yurd yerlərindən didərgin salınmış azərbaycanlılara qarşı qəddarlıq edilib, minilliklər ərzində yaradılmış maddi mədəniyyət abidələri dağıdılıb.
R.Cavadov Qərbi azərbaycanlılara qarşı ermənilərin törətdikləri bədnam əməlləri pisləyib, Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurd yerlərinə qayıtmalarına şərait yaradılmasını təmin etməyi beynəlxalq təşkilatlar qarşısında qoyulan mühüm tələb hesab edib.
Sosial elmlər və psixologiya fakültəsinin elmi işlər üzrə dekan müavini Qızılgül Abbasovanın “XX-XXI əsrlərdə Cənubi Qafqazda baş verən sosial-siyasi proseslərin humanitar və sosial tərəfləri elmi paradiqma kimi” mövzusunda çıxışı dinlənilib. Bildirilib ki, hazırda Azərbaycan elmi ictimaiyyətinin qarşısında duran əsas vəzifələrdən biri informasiya müharibəsində qələbə çalmaqdan ibarət olmalıdır.
Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova “Heydər Hüseynov fenomeni: sosial-siyasi və tarixi məkanda” mövzusunda çıxışında görkəmli elm xadiminin həyat və fəaliyyəti haqqında məlumat verib.
Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova, Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev Qərbi Azərbaycanın mədəni mühiti və mənəvi dəyərlərinin tədqiq olunmasının, xüsusilə də ölkəmizdə fəlsəfə elminin inkişafında və tədrisində rolu olan Qərbi Azərbaycan əsilli alimlərimizin yaradıcılıqlarının öyrənilməsinin əhəmiyyətindən danışıblar.
Konfrans işini bölmə iclasları ilə davam etdirib.