Yeni malyariya vaksini Afrikada ehtiyacı olan bütün uşaqları əhatə etməyə imkan verəcək
Bakı, 7 oktyabr, AZƏRTAC
Hər il malyariya üzrə endemik Afrika ölkələrində 25 milyon uşaq doğulur. Eyni zamanda, ildə yarım milyon yetkinlik yaşına çatmayan uşaq ağcaqanadların yoluxdurduğu bu xəstəlikdən həyatını itirir.
AZƏRTAC xəbər verir ki, 2021-ci ilin oktyabr ayından etibarən bu simptomatik xəstəliyi 75 faiz azalda bilən dörddozalı peyvənd təsdiqlənsə də, onun istehsal prosesi hazırda təxminən 18 milyon ədəd ilə məhdudlaşıb və yalnız 4,5 milyon azyaşlı uşağı əhatə etməyə imkan verib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu həftə Afrikada bu vaksinə ehtiyacı olan uşaqların əksəriyyətini əhatə edə biləcək oxşar effektivliyə malik ikinci, daha ucuz preparatın tətbiqini tövsiyə edib.
R21/Matriks- M adlanan yeni preparat Oxford Universiteti tərəfindən işlənib hazırlanıb və dünyanın ən böyük peyvənd istehsalçısı olan Hindistan Qan İnstitutu tərəfindən istehsal ediləcək. Birinci mərhələdə ildə 100 milyon dozanın istehsal olunacağı gözlənilir və bu rəqəm daha sonra 200 milyona qədər artırıla bilər. Mütəxəssislərin fikrincə, 2024-cü ilin sonuna qədər tələb və təklif arasında uyğunsuzluq olmayacaq.
Yeni preparatın əsas istehsal üstünlükləri onun tərkibində daha asan əldə edilən və əsas aktiv maddənin daha az miqdarını tələb edən köməkçi (immunitet reaksiyasını artıran) maddənin olmasıdır. Bu isə qiymətin aşağı düşməsinə səbəb olacaq və peyvəndin tətbiqini daha əlverişli edəcək. Preparat Afrikada ən aqressiv və ən çox yayılmış, malyariya ölümlərinin 90 faizinə səbəb olan "Plasmodium falciparum" parazitindən müdafiədə sıçrayışa səbəb olacaq.
Mütəxəssislər ümid edirlər ki, bu, son onilliklərdə azalmağa doğru gedən, lakin 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən yenidən artan bu xəstəlikdən ölənlərin sayının azalmasının davamlı olmasına kömək edəcək.
Qiymətləndirmələrə (mövcud olan son məlumatlara) görə, 2021-ci ildə dünyada 247 milyon malyariyaya yoluxma hadisəsi və 619 min ölüm faktı qeydə alınıb.