YENİ SU KƏMƏRİ ÇƏKİLMİŞDİR
Ağsu şəhərinin su təchizatının yaxşılaşdırılması ilə əlaqədar görülən işlər başa çatdırılmışdır. Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, şəhərdən 3 kilometr şimalda, Ağsu çayında süzülmə-drenaj qurğusu yaradılmışdır. Burada su borularla yeni tikilmiş və hər birinin tutumu 500 kubmetr olan anbarlara axıdılır.
Yeni kəmər şəhərdə suya olan tələbatın 60 faizini ödəməyə imkan verir. Layihənin həyata keçirilməsinə 2 milyard manat vəsait xərclənmişdir. Bunun 400 milyon manatı dövlət büdcəsi, 1,6 milyard manatı isə daxili imkanlar hesabınadır. Kəmərin çəkilişi və tikinti-quraşdırma işləri “Azərsu” ASC tərəfindən görülmüşdür.