Yeni Zelandiyada polislərə atəş açan naməlum şəxsin axtarışları davam edir
Tokio, 19 iyun, AZƏRTAC
İyunun 19-da Yeni Zelandiyanın Oklend şəhərində polislərə atəş açan naməlum şəxsin axtarışları davam edir.
AZƏRTAC ABC telekanalına istinadla xəbər verir ki, hadisə nəticəsində ağır xəsarətlər alan polis əməkdaşlarından biri həlak olub, digəri isə xəstəxanaya yerləşdirilib. Yol hərəkətini tənzimləyən həmin polis əməkdaşları silahsız olublar.
Hadisə ilə bağlı yerli polis idarəsinin yaydığı məlumatda bildirilir ki, polis əməkdaşları Oklendin qərbində yerləşən Messi rayonunda baş vermiş ciddi hadisə ilə bağlı araşdırma aparırlar. Yerli vaxtla saat 10:30 radələrində naməlum şəxs polislərə atəş açaraq, hadisə yerindən qaçıb. Polislərlə yanaşı, hadisə yerində olan təsadüfi şahid də həmin şəxsin idarə etdiyi avtomobil tərəfindən vurulub.
Hazırda hadisə yerinin polis tərəfindən əhatəyə alındığı, ərazidəki məktəblərin və uşaq bağçalarının bağlandığı da bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio