Yeniləşən akademiyada rəqəmsal inkişaf və süni intellekt strategiyası: problemlər, həllər və vəzifələr
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də AMEA Rəyasət Heyətinin “Yeniləşən akademiyada rəqəmsal inkişaf və süni intellekt strategiyası: problemlər, həllər və vəzifələr” mövzusunda iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli süni intellektin, rəqəmsal texnologiyaların cəmiyyətimizin ən müxtəlif sahələrinə təsirindən və onların tətbiqinin genişlənməsindən söhbət açıb. Prezident İlham Əliyevin süni intellekt və rəqəmsal inkişaf məsələlərinə xüsusi önəm verdiyini deyən akademik İsa Həbibbəyli dövlətimizin başçısı tərəfindən bu istiqamətdə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında Fərman və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalandığını diqqətə çatdırıb. Həmçinin “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərmanın dövlətimizin elektronlaşma işinə verdiyi önəmin məntiqi davamı olduğunu söyləyib.
Sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elektron akademiya şöbəsinin müdiri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov “Elektron akademiya şöbəsinin fəaliyyətinin mövcud durumu və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
Daha sonra məruzələr ətrafında çıxışlar dinlənilib. Akademiklər Rasim Əliquliyev, Arif Həşimov, Adil Qəribov, Əli Abbasov, AMEA-nın müxbir üzvü Kamil Aydazadə, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli çıxış edərək dünyada və ölkəmizdə, eləcə də akademiyada rəqəmsal inkişaf və süni intellekt istiqamətində aparılan tədqiqatlarla bağlı fikirlərini bölüşüb, görülən işləri yüksək qiymətləndirib, fikir və təkliflərini səsləndiriblər.
Sonda çıxış edən akademik İsa Həbibbəyli Elektron akademiya şöbəsinin fəaliyyətini yüksək qiymətləndirib, qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı tapşırıqlarını verib.