YER KÜRƏSİNƏ İLK DƏFƏ KOMETA MADDƏSİNİN VƏ ULDUZLARARASI TOZUN NÜMUNƏLƏRİ GƏTİRİLMİŞDİR
Mütəxəssislər xatırladırlar ki, Amerika astronavtları əvvəllər yad planetdən bərk maddə nümunələrini yalnız sovet “Ay gəmisi” ilə Aydan Yerə gətirirdilər, lakin onun orbitinin məhdudluğu indiki əməliyyatı həyata keçirməyə imkan verməmişdi. “Stardast”, demək olar, 7 illik səyahəti dövründə 4,63 milyard kilometr məsafə qət edərək, 2002-ci ilin noyabrında saatda 25195 kilometr sürətlə kiçik Annifrank asteroidinin cəmi 3060 kilometrliyindən keçib, onun 70-dən çox fotoşəklini çəkmişdir. 2004-cü ilin yanvarında isə əsas vəzifəni yerinə yetirərək, Vilda-2 kometası nüvəsinin cəmi 230 kilometrliyindən uçub, onun maddəsinin nümunələrini götürmüşdür. Zond iki dəfə ulduzlararası toz nümunələri toplamışdır. Alimlər ümid edirlər ki, Yer kürəsinə gətirilən materiallar Günəş sisteminin təkamülü proseslərini və hətta həyatın əmələ gəlməsi problemini daha yaxşı anlamağa kömək edəcəkdir.
“Stardast” bir neçə göstəriciyə görə - qayıtması nəzərdə tutulan hər hansı aparatın uçuşunun müddətinə, enerjisi Günəş işığı ilə təmin olunan aparatların Günəşdən məsafəsinin uzaqlığına və qayıdan kapsulunun Yer kürəsi atmosferinə daxil olması sürətinə görə rekord vurmuşdur.
“Stardast” zondunun səyahəti, tam da olmasa, başa çatmışdır. Kapsul ayrıldıqdan sonra aparat aldığı komandalara müvafiq surətdə trayektoriyasını dəyişərək, Günəşin süni peykinin orbitinə keçmişdir. ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) işqabiliyyətli aparatı və onun cihazlarını itirməmək məqsədi ilə bu zond üçün yeni vəzifə fikirləşir.