CƏMİYYƏT
Yevlax və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkili tövsiyə edilib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, göstərilən tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq, Vəkillər Kollegiyasının təşəbbüsü ilə Bakı şəhəri 2 saylı Vəkil Bürosu tərəfindən Yevlaxdakı Şahmat Məktəbinin Klubunda Yevlax və ətraf rayonlarda yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.
Vətəndaşları qəbul edən Vəkillər Kollegiyasının üzvləri 30-dan çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərib, onların problemləri ilə tanış olub, müvafiq məsləhətlər verib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.
Vəkillər Kollegiyası tərəfindən gələcəkdə belə tədbirlərin respublikanın digər regionlarında da keçirilməsi nəzərdə tutulub.