YEVLAXDA “EL-TV” REGİONAL TELEVİZİYA ŞİRKƏTİ AÇILMIŞDIR
Yevlax, 2 mart (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Yevlaxda “EL-TV” regional televiziya şirkətinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı burada səmimiyyətlə qarşıladılar.
Prezidentə məlumat verildi ki, regional teleşirkətin üçmərtəbəli binasında 40 iş otağı, 2 studiya və 576 kvadratmetrlik çəkiliş pavilyonu vardır. Teleşirkət ən müasir rəqəmsal çəkiliş avadanlığı və lazımi inventarla təmin olunmuşdur. Televiziyanın yayımı Gəncəbasar ərazisindən tutmuş Ağdaş, Göyçay, Ağsu, Bərdə, Tərtər, Ağdam, Şəki rayonlarını və Mingəçevir şəhərini əhatə edir.
Şirkətə sutkada 15-16 saat efir vaxtı ayrılmışdır. Gün ərzində 2 dəfə “Xəbərlər” proqramı yayımlanacaqdır. Burada 55 nəfər işlə təmin olunmuşdur. Gələcəkdə işçilərin sayı artırılacaqdır.
Teleşirkətin transformator yardımçı stansiyası, generatoru, havalandırma qurğuları, qazanxanası var.
Prezident İlham Əliyev açılışı bildirən rəmzi lenti kəsdi, şirkətin binası ilə tanış oldu.
Dövlətimizin başçısı studiyalar və pavilyonla tanış oldu, görülmüş işləri yüksək qiymətləndirdi, şirkətin kollektivinə uğurlar arzuladı.
Azərbaycan Prezidenti İlham Əliyevin Yevlax rayonuna səfəri başa çatdı.
######
![]() |
![]() |

