YEVLAXDA GƏNCLƏR EVİ İSTİFADƏYƏ VERİLMİŞDİR
Yevlax, 9 iyul (AZƏRTAC). Yevlax şəhərində yeni tikilmiş Gənclər evinin açılışı olmuşdur.
Bu münasibətlə keçirilən mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin deputatları Fuad Muradov, Çingiz Əsədullayev, Əli Hüseynov, İlham Məmmədov, Yevlax şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə güllər düzmüş, xatirəsini hörmətlə yad etmişlər.
Elmar Vəliyev, şəhər gənclər və idman idarəsinin rəisi Binyamin Musayev gənclərə göstərilən diqqət və qayğıdan danışmışlar. Bildirilmişdir ki, son illərdə Yevlax şəhərində səkkiz orta məktəbdə təbii və süni örtüyü olan futbol, şəhərin bir sıra məhəllələrində və yaşayış ərazilərində isə idman meydançaları salınmış, 6 min yerlik şəhər stadionunun ot örtüyü dəyişdirilmiş, bura Avropa standartlarına uyğunlaşdırılmışdır. Şəhərdə idman-sağlamlıq bazası tikilmiş, bazanın ətrafında 3 futbol meydançası salınmış, uşaq-gənclər idman məktəbi əsaslı təmir edilmiş, şahmat məktəbi tikilib istifadəyə verilmişdir. Xatırladılmışdır ki, məktəbin açılışında Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva iştirak etmişlər.
Gənclər və idman naziri Azad Rəhimov Gənclər evinin istifadəyə verilməsi münasibətilə yevlaxlıları təbrik etmiş, ölkədə həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərə göstərilən qayğıdan danışmışdır.
Gənclər evinin tikilməsində əməyi olan bir qrup yevlaxlıya şəhər icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələr verilmişdir.
Rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları ikimərtəbəli binailə və burada yaradılmış şəraitlə tanış olmuşlar.
Yeni obyektin ərazisində süni örtüklü futbol, basketbol, voleybol, tennis meydançaları salınmış, köşklər tikilmişdir.
######
