Yevlaxda şəhid və qazi ailələrinin üzvləri üçün tibbi sosial aksiya təşkil olunub
Yevlax, 13 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının təşkilatçılığı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Yevlax Şəhər Mərkəzi Xəstəxanasının tabeliyində olan Ailə Sağlamlıq Mərkəzində qazi və şəhid ailələrinin üzvləri üçün sosial tibbi aksiya keçirilib.
Tədbirin rəsmi açılış hissəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Milli Məclisin deputatı İlham Məmmədov, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Əzizova və Yevlax Şəhər Mərkəzi Xəstəxanasının direktoru Fazil İsmayılov və digər rəsmi nümayəndələr iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev sosial aksiyanın məqsədinin qazi və şəhid ailələrinin üzvlərinə tibbi xidmət göstərilməsi olduğunu açıqlayıb. O qeyd edib ki, bu aksiyada Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı mütəxəssisləri iştirak edir, ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş mobil hospital və geniş çeşiddə dərmanlar şəhid və qazi ailələrinin üzvlərinin müayinəsində istifadə ediləcək. Bu məqsədlə Mərkəzi Gömrük Hospitalının USM, EKQ, EXO müayinələri, o cümlədən kardioloq, oftalmoloq, lor, travmatoloq cərrah, terapevt, uroloq, pediatr, nevroloq, mama ginekoloq, endokrinoloq, dermatoveneroloqdan ibarət 25 nəfər tibb heyəti Yevlax şəhərinə ezam olunub.
Milli Məclisin deputatı İlham Məmmədov bu aksiyanın Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər sırasında Ümummilli Liderin ruhuna, şəxsiyyətinə hörmət və ehtiramın təzahürü olduğunu bildirib. Qeyd edib ki, insan sağlamlığının qorunması üçün ölkəmizin ən nüfuzlu tibb müəssisəsinin yüksəkixtisaslı mütəxəssislərinin Yevlaxda olması və şəhid ailələri, qazilər, onların ailə üzvlərinin tibbi müayinəsinin həyata keçirilməsi çox xeyirxah bir missiyadır.
Qeyd edək ki, Yevlax şəhərində keçirilən tibbi sosial aksiya iyunun 14-də davam edəcək.