CƏMİYYƏT
Yol polisi Cəngi ərazisində hərəkətin məhdudlaşdırılması ilə bağlı sürücülərə müraciət edib
Bakı, 10 sentyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 55,3-cü kilometrində (Cəngi ərazisi) elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq nəqliyyat vasitələrinin hərəkəti təqribən 2 ay müddətində qismən məhdudlaşdırılaraq kənardankeçmə yolu ilə təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyri-şərtsiz əməl etməyi, özlərinin, digər hərəkət iştirakçılarının və tikinti briqadalarında çalışanların həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir.