Yolumuz yüksəlişə, Vətənə, dövlətə və dövlətçiliyə xidmətə istiqamətlənib
İsmayıllı, 6 fevral, Adil Ağayev, AZƏRTAC
İsmayıllı 2015-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilib. Paytaxtın simvolik açarı fevralın 2-də Gənclər Günü münasibətilə Bakıdakı “Buta” sarayında keçirilən təntənəli tədbirdə İsmayıllı gənclərinin nümayəndələrinə təqdim edilib.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salahov AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycanın “Gənclər paytaxtı”nın bu günü və sabahı haqqında danışır.
- Taleh müəllim, necə hesab edirsiniz, İsmayıllı rayonunun 2015-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilməsinə aparan yol çoxmu uzun oldu?
- 2013-cü ilin əvvəllərindən başlayaraq İsmayıllı rayonunda gənclərin sosial həyatı, məşğuliyyəti, intellektual inkişafı, yeni düşüncə tərzinə yiyələnməsi, təhsilin keyfiyyətcə yüksəlməsi və s. istiqamətlərdə müasirliyi və optimallığı ilə seçilən tədbirlər həyata keçirilir.
Gənclərin, o cümlədən idmançıların hər bir uğuru rayon rəhbərliyi, gənclər və idman idarəsi tərəfindən təqdir olunur, mükafatlandırılır. İndi İsmayıllı idmançıları sırasında bəzi idman növləri üzrə dünya və Avropa çempionları vardır. Daha 2 idmançımız Bakıda keçiriləcək birinci Avropa Oyunlarına vəsiqə qazanıb. Rayonda gənclərin məşğulluğunun təmin edilməsi məsələsi də diqqət mərkəzindədir. 2014-cü ildə 32 nəfər gənc mütəxəssis inzibati idarəetməyə və dövlət qulluğuna cəlb edilib. Bir qrup gənc rayon icra hakimiyyətinin dəstəyi ilə ingilis dili və dizayner kurslarını bitirdikdən sonra İnnovasiya Mərkəzində birləşib. Mərkəz yeni layihələr hazırlayır, həyata keçirilən layihələrin icrasında fəal iştirak edir.
Peşə Tədris Mərkəzi və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci öz fəaliyyətləri ilə rayona qaynar gənclik həyatı gətiriblər. Göründüyü kimi, İsmayıllını 2015-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilməsinə aparan yol, əgər belə demək mümkündürsə, o qədər də hamar və qısa olmayıb.
- Seçimdə necə qalib gəlməyiniz haqqında söhbət açmağınız maraqlı olardı.
- Məmnuniyyətlə. “Gənclər paytaxtı”nın seçim turunda iştirak etmək üçün 26 rayon Gənclər və İdman Nazirliyinə sənəd təqdim etmiş, 11-i səsverməyə buraxılmışdı. Biz rayonun ən fəal gəncləri ilə təbliğat işini yüksək səviyyədə qurduq. Bakı və Gəncə şəhərlərindən, Ağsu, Şamaxı, Qəbələ, Göyçay, Biləsuvar və bir sıra digər rayonlardan da bizə dəstək verdilər. Rayonumuzun “Gənclər paytaxtı” seçilməsində yorulmadan təbliğat işi aparan İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin bir qrup tələbəsinin, gənc müəllimlərin, rayon təhsil şöbəsinin, peşə tədris mərkəzinin rəhbərliyinin daha fəal iştirakını qeyd etmək istərdim.
Fevralın 1-də saat 24-00-dək 56,1 faiz səs topladıq və qalib gəldik. Qələbəmizi yüksək təntənə ilə qeyd etmək üçün gənclərə çox özəl şərait yaradıldı. Fevralın 2-də Gəncləri Gününü rayon icra hakimiyyətinin hərtərəfli dəstəyi ilə təntənəli surətdə bayram edib, 10 nəfər gənclə Bakıya yola düşdük. “Gənclər paytaxtı”nın simvolik açarını alıb İsmayıllıya qayıtdıq.
- Bundan sonrakı planlarınız barədə nə deyə bilərsiniz?
- Artıq “Gənclər paytaxtı” ilinin hədəflərini və bu məqsədə çatmağın mexanizmini müəyyənləşdirmişik. Rayon icra hakimiyyətinin dəstəyi ilə bu yaxınlarda regional gənclər forumu keçirməyi planlaşdırmışıq. Cari və perspektiv fəaliyyət istiqamətlərimiz forumda bir daha dəqiqləşdiriləcək. Bir sözlə, yolumuz yüksəlişə, Vətənə, dövlətə və dövlətçiliyə xidmətə istiqamətlənib.