Yüksək dağlıq ərazilərdə qarölçmə işləri davam etdirilir
Bakı, 11 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, su resurslarının qiymətləndirilməsi məqsədilə Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qarölçmə işlərini davam etdirirlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, hazırda ekspedisiya üzvləri Kiçik Qafqazın Şəmkirçay hövzəsinin 1800 metr hündürlüyündə qarölçmə işləri aparırlar.
Qeyd edək ki, ekspedisiya Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin suvarma suyuna olan tələbatın öyrənilməsi, suvarma suyu ilə təminatın yaxşılaşdırılması bəndlərinə uyğun olaraq təşkil edilib.