ELM VƏ TƏHSİL
“Yüksəliş” müsabiqəsinin BSU-da təlimləri başlanıb
Bakı, 16 may, AZƏRTAC
“Yüksəliş” müsabiqəsinin qalibləri, ekspert və təlimçiləri tərəfindən Bakı Slavyan Universitetinin (BSU) gənc əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq silsilə təlimlərin keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar “Yüksəliş” müsabiqəsi BSU-da “Uğurlu təqdimatın sirləri” mövzusunda təlim təşkil edib.
Bu barədə AZƏRTAC-a BSU-dan bildirilib. Universitetin rektoru Anar Nağıyev bu təlimlərin yenidən bərpa olunan Qarabağın, eləcə də ölkəmizin inkişafı kontekstində universitet əməkdaşlarının da inkişafına zəmin yaradacağını ifadə edərək iştirakçılara uğurlar arzulayıb.
Təlimdə insan resursları və inzibati idarəetmə sahəsində 20 ildən çox təcrübəyə malik Vüsalə Kərimova “Yüksəliş” müsabiqəsinin keçirilmə qaydası, qiymətləndirilmə meyarları haqqında ümumi məlumat verib.
Sonra təlimçi təqdimatın düzgün qurulması, ictimaiyyət qarşısında çıxış zamanı vacib məqamları və digər faydalı məlumatları iştirakçılarla bölüşüb.
Sonda fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, təlimlərin sonunda iştirakçılar imtahanın nəticəsinə görə sertifikatlarla təmin olunacaqlar.