YUNİFEM-İN İCRAÇI DİREKTORU İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Komitənin sədri Hicran Hüseynova YUNİFEM-lə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” regional layihəsinin əhəmiyyətini vurğulamış, proqram çərçivəsində “Koalisiya 1325” qadın qurumunun yaradıldığını söyləmişdir. O, keçən il YUNİFEM ilə “Qanunvericilik və siyasət çərçivəsində qadın hüquqları və gender bərabərliyinin dəstəklənməsi”nə dair anlaşma protokolunun imzalandığını diqqətə çarpdırmış, hazırda yerli və milli səviyyələrdə gender bərabərliyinin təmin edilməsi üçün birgə iş aparıldığını bildirmişdir.
N.Heyzer YUNİFEM-in, dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da gender bərabərliyinin genişləndirilməsi sahəsində əməkdaşlığın təkmilləşdirilməsinə xüsusi diqqət yetirdiyini söyləmiş, fondun MDB ölkələri üçün nəzərdə tutulan “Qadınlar və yoxsulluğun azaldılması (2007-2009)” proqramı çərçivəsində gələcək əməkdaşlıq məsələlərini müzakirə etmişdir.
Təhsil nazirinin müavini İradə Hüseynova, Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik üzrə Rəhbər Komtəsinin sədr müavini Möminat Ömərova, “Koalisiya-1325” qurumunun üzvləri Dürdanə Məmmədova, Tamam Cəfərova və başqaları Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində görülən işlərdən danışmış, YUNİFEM-in regional layihəsi çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat vermişlər.
Sonda BMT-nin Qadınlar üçün İnkişaf Fondunun yaradılmasının 30-cu ildönümü manasibətilə AQUPDK-nın təbriki oxunmuşdur.
Tədbirdə YUNİFEM-in MDB üzrə regional proqramlarının direktoru Damira Sartbayeva iştirak etmişdir.