ZAQATALA-BAKI HAVA REYSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Bakı-Zaqatala-Bakı hava reysi açılmışdır. Uçuş cədvəlinə əsasən sentyabrın 26-dan etibarən həftənin birinci və beşinci günləri Zaqatalaya müntəzəm reyslər həyata keçiriləcəkdir.
Sentyabrın 20-də Zaqataladan gələn ATR tipli sərnişin təyyarəsi Heydər Əliyev adına beynəlxalq hava limanında yerə enmişdir. Zaqatala-Bakı aviareysinin ilk sərnişinlərini hava limanında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri qarşılamışlar.
Sərnişinlərin arasında ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye də var idi. Fransalı diplomata aviareysin ilk əcnəbi sərnişini kimi sertifikat təqdim edilmişdir. Bernar Fasye şimal-qərb rayonlarına səfərindən zəngin təəssüratla ayrıldığını deyərək bölgənin füsunkar mənzərəsindən və qədimliyindən danışmışdır. Aviareysin ilk əcnəbi sərnişini Azərbaycanı, Aleksandr Dümanın təbirincə, Qafqazın gözü, Şəkini isə almazı adlandırmışdır. Həmsədrin sözlərinə görə, bölgəyə Fransa istehsalı olan vertolyotla gedib Fransa təyyarəsi ilə qayıtmaq onda xoş hisslər oyatmışdır və bunu ölkələrimiz arasında sıx əməkdaşlığın rəmzi hesab edir.
Tarif Şurasının təsdiq etdiyi qərara əsasən Bakı-Zaqatala aviareysinin bileti 52 manatdır. Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bildirmişdir ki, Zaqatala aviavağzalı saatda 100-120 sərnişinə xidmət göstərmək imkanına malikdir. Dövlət vəsaiti hesabına inşa edilmiş hava limanına Fransada istehsal olunmuş ATR-42 və ATR-72 tipli sərnişin təyyarələri, habelə kiçik tutumlu “Qolfstrim” təyyarələri vasitəsilə uçuşlar təşkil ediləcəkdir. Hava limanı, zərurət yarandığı təqdirdə, daha iri sərnişin və yük təyyarələrini də qəbul edə biləcəkdir. Lazımi sənədlər hazırlandıqdan sonra hava limanına beynəlxalq status veriləcəkdir. Bundan sonra Zaqatalaya Türkiyə, Rusiya və başqa ölkələrdən aviareyslər təşkil olunacaqdır.