Tikintisinə keçən ilin əvvəllərində başlanmış Zaqatala Olimpiya İdman Kompleksində inşaat işləri tamamlanır. Milli Olimpiya Komitəsinin sifarişi ilə inşa edilən bu möhtəşəm idman qurğusunun tikintisini həyata keçirən “Xəzər gəncləri” Elmi-Texniki Yaradıcılıq Mərkəzindən
AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, kompleksin birinci korpusunda inzibati bina, ikinci korpusda 25 metrlik üzgüçülük hovuzu və 130 tamaşaçı tutan kiçik idman salonu, üçüncü korpusda isə 1350 tamaşaçı yeri olan böyük idman salonu yerləşir. Binanın birinci mərtəbəsində məşq salonları, xidmət otaqları və yeməkxana da fəaliyyət göstərəcəkdir. Bundan əlavə, kompleksin həyətində idmançıların qalması və istirahət etməsi üçün 16 ədəd ikimərtəbəli kottec də inşa edilir. Hazırda idman kompleksinin daxilində və binanın fasad hissəsində son tamamlama işləri aparılır.
Kompleksin qarşısındakı ərazidə isə 3500 tamaşaçı yeri olan beynəlxalq standartlara uyğun yeni stadionun tikintisi sürətlə davam edir. Stadionda yarışların keçirilməsi və məşq üçün nəzərdə tutulan 2 futbol meydançası, habelə xidmət otaqları olacaqdır.
Gələcəkdə kompleksin ərazisində üçmərtəbəli mehmanxana binasının tikintisi və tennis kortlarının salınması da nəzərdə tutulur.