Zaqatalada bu günədək 7 min 758 vətəndaş koronavirusa qarşı peyvənd olunub
Zaqatala, 1 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatala rayonunda əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir. Əhalinin peyvəndlənməsi rayon mərkəzi xəstəxanasının infeksion xəstəliklər şöbəsinin binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir. Bu günədək rayon üzrə 7 min 758 vətəndaş koronavirusa qarşı peyvənd olunub. Onlardan 5 min 653 nəfərinə peyvəndin hər iki dozası vurulub.
Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini, vaksinasiyanın keçirilməsi üzrə yaradılan qərargahın üzvü Vəfa Süleymanova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, prosesə başlandığı gündən indiyədək rayona 15 min 500 doza vaksin gətirilib. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq əhalinin peyvəndlənməsi mərhələli şəkildə həyata keçirilir. İlkin mərhələdə rayonun səhiyyə müəssisələrində çalışan tibb işçiləri, həmçinin yaşlı vətəndaşlar peyvənd olunublar.
Ümumiyyətlə, bu günədək Zaqatala rayonu üzrə vətəndaşlara 13 min 411 doza vaksin vurulub. O cümlədən, yaş qrupları üzrə indiyədək 65 yaşdan yuxarı vətəndaşlara 3 min 709 doza, 50-65 yaş arasında vətəndaşlara 7 min 791 doza, 50 yaşadək vətəndaşlara isə 1911 doza vaksin vurulub. Peyvəndləmə prosesində Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVac” vaksinindən istifadə olunur.