REGİONLAR
Zaqataladan axan çaylarda mühafizə tədbirlərinə başlanılıb VİDEO
Zaqatala, 20 sentyabr, AZƏRTAC
Zaqatala rayonunda suvarma mövsümü yekunlaşdıqdan sonra Zaqatala Suvarma Sistemləri İdarəsi tərəfindən çaylarda sahil-mühafizə işlərinə başlanılıb. İdarə tərəfindən təsdiq olunmuş istismar planına uyğun olaraq çay yataqlarının təmizlənməsi və selə qarşı mübarizə tədbirləri paralel aparılır. Rayon ərazisindən 7 ədəd çay keçir ki, həmin çayların sahillərində 43 kilometr sahil mühafizə bəndləri mövcuddur. Hər il mütəmadi olaraq bəndlərdə təmir-tikinti işləri görülür.
AZƏRTAC xəbər verir ki, rayon ərazisindən keçən dağ çayları yaz və payız aylarında təhlükəli olur. Çaylardan keçən sel zaman-zaman ətrafda olan əkin sahələrinə, hətta yaşayış məntəqələrinə belə ziyan vurur. Ancaq son illərdə görülən qabaqlayıcı tədbirlər nəticəsində təhlükənin qarşısı alınıb. Dayanıqlı daş-beton bəndlər ətraf əraziləri sel sularından qoruyur. Belə bəndlərdən biri də Muxax çayda tikintisi bu il üçün nəzərdə tutulan 100 metrlik bənddir.
Zaqatala Suvarma Sistemləri İdarəsi tərəfindən hazırda çay yataqlarının təmizlənməsi, beton bəndlərin tikintisi və çayların sahillərində qabyon bəndlərin quraşdırılması işləri davam edir. Qarşıdan payız fəslinin gəlməsini nəzərə alan idarə əməkdaşları sözügedən işləri daha da sürətləndiriblər.