Zaqatalanın kənd təsərrüfatı işçiləri peşə bayramlarını qeyd etmişlər
Zaqatala, 1 noyabr (AZƏRTAC). Zaqatala rayonunun kənd təsərrüfatı işçiləri peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qarşılayırlar. Bu da təsadüfi deyildir. Aqrar sektorda həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində 2013-cü ilin 9 ayında rayonda kənd təsərrüfatı məhsulları istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artaraq 84 milyon 449 min manat olmuşdur. Ötən müddətdə rayonda 28 min 682 ton taxıl, 28 min 676 ton qarğıdalı, 14 min 598 ton kartof, 18 min 518 ton tərəvəz, 18 min 387 ton meyvə, 871 ton tütün, 36 ton yaşıl çay yarpağı istehsal olunmuşdur. Əvvəlki illə müqayisədə taxıl istehsalı 332 ton, qarğıdalı istehsalı 1167 ton, kartof istehsalı 267 ton, tərəvəz istehsalı 362 ton, meyvə istehsalı 256 ton artmışdır. Bütün növ heyvandarlıq məhsulları istehsalında da dinamik artım qeydə alınmışdır.
AZƏRTAC xəbər verir ki, bu faktlar kənd təsərrüfatı işçilərinin peşə bayramı günü münasibətilə noyabrın 1-də Zaqatalada keçirilən bayram tədbirində səsləndirilmişdir.
Rayonun qabaqcıl kənd təsərrüfatı işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.
Bayram tədbirində qeyd olunmuşdur ki, Azərbaycan Prezidentinin 2008-ci il 9 oktyabr tarixli Sərəncamı ilə hər il noyabrın 1-i ölkəmizdə kənd təsərrüfatı işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu günün təsis edilməsi dövlətimizin başçısının bu sahənin inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğı, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi ilə bağlı imzaladığı sərəncamlar iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Zaqatala rayonunda da aqrar sahənin inkişafına güclü təkan vermiş, taxılçılığın, tütünçülüyün, heyvandarlığın inkişafı üçün möhkəm zəmin yaratmışdır. Diqqətə çatdırılmışdır ki, təkcə cari ildə rayon fermerlərinə buğda və çəltik istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsindən 242 min manat, əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə isə 876 min manat subsidiya ödənilmişdir.
Bayram tədbirində çıxış edən fermerlər, təsərrüfat rəhbərləri dövlətin bu qayğısına əməli işləri ilə cavab verəcəklərini, əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi üçün daha səylə çalışacaqlarını bildirmişlər.
Tədbirin sonunda aqrar sahədə səmərəli fəaliyyətinə görə, bir qrup qabaqcıl kənd təsərrüfatı işçisinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.