Zelenski Rusiya ilə danışıqlarda iştirak edəcək komanda formalaşdırmağı tapşırıb
Kiyev, 22 iyul, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 23-də Rusiya Federasiyası ilə danışıqlar üçün Ukrayna nümayəndə heyətinin formalaşdırılması barədə göstəriş verib. Komandaya Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov başçılıq edəcək.
AZƏRTAC bu barədə Zelenskinin “Telegram” kanalında məlumatına istinadla xəbər verir.
Dövlət başçısı Türkiyədə Rusiya tərəfi ilə danışıqlar ərəfəsində görüş keçirib.
R.Umerov Rusiya tərəfi ilə İstanbulda keçirilən ikinci görüşün razılaşmalarının yerinə yetirilməsi və yaxın vaxtlarda yeni görüşlə bağlı razılaşma haqqında məlumat verib. Zelenski vurğulayıb ki, Ukrayna əsirlərin azad edilməsi, oğurlanmış uşaqların geri qaytarılması, eləcə də qətllərin dayandırılması və liderlərin görüşü ilə bağlı işləməyə hazırdır.
“Bizim mövqeyimiz maksimum şəffafdır. Ukrayna heç vaxt bu müharibəni istəmədi və Rusiya özünün başladığı müharibəni dayandırmalıdır”, -deyə Prezident əlavə edib.
Prezident Aparatının rəhbəri Andrey Yermak Avropa və Birləşmiş Ştatlardakı tərəfdaşlarla diplomatik işin koordinasiyası barədə məlumat verib.
Ukrayna Prezidenti vurğulayıb: “Rusiya tərəfi ilə danışıqlar üçün nümayəndə heyəti formalaşdırmağı tapşırmışam. Nümayəndə heyətinə Rustem Umerov başçılıq edəcək, onun tərkibində Ukrayna kəşfiyyatı, Xarici İşlər Nazirliyi və Prezident aparatının nümayəndələri olacaq”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev