Zəngəzur dəhlizi regionda tranzit xəritəsini yenidən formalaşdırır - ekspert
Bakı, 27 noyabr, AZƏRTAC
Zəngəzur dəhlizi İran ilə Azərbaycan arasındakı ticarət, nəqliyyat və tranzit əlaqələrini genişləndirməklə yanaşı, region ölkələri arasında da iqtisadi əlaqələri artıracaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında beynəlxalq iqtisadiyyat üzrə ekspert Nəvid Danəşvər deyib. O bildirib ki, bu dəhliz, ilk növbədə, ölkələrimizin regionları arasındakı əlaqələrin inkişafına töhfə verəcək. “Azərbaycan torpaqlarını işğaldan azad etməklə yeni nəqliyyat və tranzit yollarının açılmasına imkanlar yaratdı. Ağbənd-Kəlalə körpüsü İranın Şərqi Azərbaycan vilayəti ilə Azərbaycan Respublikasının Naxçıvan və Qarabağ regionları ilə ticarət, turizm, nəqliyyat və ümumilikdə iqtisadi əlaqələri artıracaq. Araz çayı üzərində salınan avtomobil və dəmir yolu körpüləri yalnız iki ölkə arasında deyil, region dövlətlərinin yaxın Şərqə və Körfəz ölkələrinə çıxışını təmin edəcək və “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin səmərəsini artırmaqla onun mühüm hissəsinə çevriləcək”, - deyə N. Danəşvər nəzərə çatdırıb. Bildirib ki, əgər Orta Dəhliz Xəzər və Qara dənizi birləşdirirsə, Zəngəzur dəhlizi Körfəz ölkələri ilə Cənubu Qafqazı birləşdirəcək ki, bu da dəhlizi qlobal xarakterli beynəlxalq nəqliyyat marşrutuna çevirəcək.
“Bir vaxtlar İran ilə Azərbaycanın nəqliyyat bağlantısını yaratmaq üçün Parsabad-İmişli dəmir yolu layihəsi müzakirə edilirdi. Bu məsələ 2022-ci ilin mart ayında Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclasında da müzakirə olundu və iclasın yekunlarına dair imzalanan sənəddə tərəflər İmişli (Azərbaycan) - Parsabad (İran) dəmir yolunun tikintisi imkanını nəzərdə keçirməyə dair razılıq əldə etdilər”, - deyə ekspert vurğulayıb. Qeyd edib ki, Azərbaycan öz torpaqlarını azad etdi, daha əhatəli və beynəlxalq əhəmiyyətli yolların tikintisinə başladı. Zəngəzur dəhlizi İran üçün Ermənistan, Gürcüstan və Rusiya ilə dəmir yolu əlaqəsi yaradır.
“İran ilə Azərbaycanın birlikdə iştirak etdiyi beynəlxalq nəqliyyat layihələrindən biri də Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətdidir. Bu xəttin tikintisi ləngisə də, düşünürəm ki, İran və Rusiya üçün əhəmiyyətli olan bu yolun tikintisi başa çatdırılacaq. Azərbaycan tranzit ölkə olaraq üzərinə düşən infrastruktur işləri həyata keçirib”, - deyə bildirən ekspert qeyd edib ki, Parsabad-İmişli dəmir yolu Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun alternativi ola bilər. Bu yolun uzunluğu 6,5 kilometrdir və Rusiyadan gələn qatarlar bu yolla İrana və əks istiqamətə hərəkət edə bilərlər. N.Danəşvər vurğulayıb ki, hər iki istiqamət həm İran, həm də Azərbaycan üçün səmərəlidir. Onun fikrincə, nəqliyyat yollarının şaxələndirilməsi yükdaşımaları geosiyasi dəyişikliklərdən sığortalayır və təhlükəsizliyini təmin edir.