“Zəng”in növbəti uğuru
Bakı, 24 oktyabr, AZƏRTAC
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Türkiyənin Adana şəhərində IV Şəhər Teatrları Görüşü Festivalında iştirak edib.
Qastrol müddətində türkiyəli teatrsevərlərə təqdim olunan “Zəng” adlı monotamaşa maraqla qarşılanıb.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Teatrın aparıcı aktyoru Rəhim Rəhimovun təqdim etdiyi səhnə işi həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub. Ailədə valideynlərə olan münasibətdən bəhs edən tamaşa izləyicilərə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır.
Adana Şəhər Teatrları İdarəsi tərəfindən düzənlənən festival çərçivəsində nümayiş olunan tamaşa böyük rəğbətlə qarşılanıb. Hər hansı nominasiyanın olmadığı festivalda iştiraka görə təşəkkür diplomuna layiq görülən yaradıcı heyət növbəti festivala, eləcə də qardaş ölkənin paytaxtında reallaşacaq növbəti beynəlxalq teatr festivalına müsabiqəsiz iştirak hüququ qazanıb.
Ümumilikdə 18 teatrın təmsil olunduğu festival iki ildən bir keçirilir və şəhərin müxtəlif teatr və sənət mərkəzlərində teatrsevərləri bir araya gətirərək onlara fərqli teatr meyillərini təqdim edir.