ZƏRDABDA 2005-Cİ İLİN YEKUNLARI GENİŞ MÜZAKİRƏ EDİLMİŞDİR
Keçən il rayonda ümumi məhsul istehsalı 2004-cü ilə nisbətən 11 milyard 103 milyon manat artaraq, 161 milyard 315 milyon manata çatmışdır. Məhsul istehsalında qeyri-dövlət sektorunun payı 92 faiz təşkil edir.
Təsərrüfatın əsas sahələrindən olan taxılçılıqda uğurlu nəticələr daha yaxşıdır. 10517 hektar sahədən 27457 ton məhsul istehsal edilmişdir ki, bu da inişilki göstəricidən 3098 ton çoxdur. Qaramalın sayı 50117 başa, davarların sayı isə 99352 başa çatmışdır. Barama, kartof, bostan-tərəvəz məhsulları və meyvə istehsalı da artmışdır.
Məruzə və çıxışlarda əldə olunan nailiyyətlərin əhalinin maddi rifahının yaxşılaşmasına, bir sıra sosial məsələlərin həllinə, yeni istehsal və xidmət obyektlərinin açılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə şərait yaratdığı vurğulanmışdır. 2005-ci ildə rayonda 2004-cü ilə nisbətən iki dəfədən çox, yəni 1849 iş yeri, o cümlədən 270 daimi, 1148 müvəqqəti, 431 mövsümi iş yerləri açılmışdır.
Ənənəvi təsərrüfat sahələrinin daha da inkişaf etdirilməsi, aqrotexservis xidmətinin yaradılması, suvarma şəbəkəsinin genişləndirilməsi, fermer təsərrüfatlarına dəstək verilməsi zərurətindən danışılmışdır.
Müşavirədə ayrı-ayrı təşkilatların, o cümlədən təhsil, səhiyyə, mədəniyyət və xidmət təşkilatlarının fəaliyyəti geniş təhlil edilmiş, uğurlarla yanaşı, yol verilmiş nöqsanlardan da söhbət açılmışdır.
Rayonda uşaq xəstəxanasının açılmasının, uşaq həkimlərinə olan tələbatın ödənilməsi üçün tədbirlər görülməsinin vacibliyi vurğulanmışdır.
Məruzə və çıxışlarda qarşıda duran təxirəsalınmaz vəzifələrin həlli, həyatın bütün sahələrində dinamik inkişafa nail olunması üçün daxili ehtiyatlardan maksimum səmərəli istifadə ediləcəyi bildirilmişdir. Xüsusi vurğulanmışdır ki, insanlara qayğı, onların maddi rifah halının yüksəldilməsi ən önəmli vəzifədir. Ölkəmizdə həyata keçirilən sosial-iqisadi proqramlar məhz bu məqsədi daşıyır.
Daxili işlər nazirinin müavini Oruc Zalov, Prezidentin İcra Aparatının məsul işçisi Nuridin Hüseynov çıxış etmişlər.
Müşavirə iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.