Zərdabda heyvan kəsimi məntəqəsi istifadəyə verilib
Zərdab, 4 mart, AZƏRTAC
Zərdab şəhərində yeni tikilən heyvan kəsim məntəqəsi istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, smeta dəyəri 75 min manat olan kəsim məntəqəsi baytarlıq-sanitariya-gigiyena tələblərinə tam cavab verir. Məntəqə sahəsi 108 kvadratmetr olan heyvan kəsimi otağından, ən müasir aparat və avadanlıqlarla təchiz edilən laboratoriyadan, hər birinin sahəsi 14,4 kvadratmetr olan 6 ət satışı otağından ibarətdir. Kəsim məntəqəsi fasiləsiz su ilə təmin edilib. Habelə ərazidə 40 kubmetrlik yeraltı çirkab quyusu tikilib. Sanitar qaydalara uyğun olaraq çirkab suların dezinfeksiya olunması və daşınması nəzərdə tutulub.
Yeni obyektin açılışında iştirak edən rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev çıxışında bildirib ki, kəsim məntəqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” 2018-ci il 11 iyun tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar bölgədə görülən işlərin nəticəsidir. Vurğulanıb ki, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi kimi məsələlər bundan sonra da daim diqqət mərkəzində olacaq.
Sonda iştirakçılar kəsim məntəqəsində yaradılan şəraitlə tanış olublar.