“Zirə”nin portuqaliyalı qapıçısı: “Şerif”lə matçda dominant futbol oynamağa çalışacağıq - MÜSAHİBƏ
Bakı, 17 iyul, AZƏRTAC
“Zirə”nin portuqaliyalı qapıçısı Tiaqo Silva UEFA Avropa Liqasının I təsnifat mərhələsində iyulun 18-də Bakıda Moldovanın “Şerif” klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Ötən həftə səfərdə Moldovanın ən titullu komandası olan “Şerif”ə qalib gəlməklə Avropa Liqasına uğurlu start verdiniz. Həmin oyunla bağlı nə deyə bilərsiniz?
- İlk rəsmi oyunumuz olduğunu nəzərə alsaq, yaxşı nəticə göstərdik. Düzdür, tam istədiyimiz oyunu sərgiləyə bilmədik. Buna baxmayaraq, səfərdə vacib qələbə qazandıq. Burada komanda ruhunu xüsusi qeyd etmək lazımdır. Bu da ən mühüm amillərdəndir. Çox qaçdıq, savaşdıq. Bəzən düşünürəm ki, futbolda ən vacib elementlərdən biri də budur.
- Açığı, püşk atıldıqdan sonra çoxları "Şerif"lə oyunda "Zirə"nin şanslarını aşağı qiymətləndirirdi. Amma komandanız ilk oyundaca iddiasını ortaya qoydu…
- Razıyam. Yadınızdadırsa, ötən mövsümün əvvəlində çempionatdakı şanslarımızı da yüksək dəyərləndirmirdilər. Amma biz yekunda uğurlu nəticə əldə edə bildik. Hazırda avrokuboklarda da mərhələni keçmək üçün mübarizə aparırıq. Bütün cəhdlərimiz bununla bağlı olacaq.
- "Şerif"lə ilk matçda qazanılan qələbədə komanda ruhunu qeyd etdiniz. Uğurlu nəticədə başqa hansı amillər rol oynadı?
- Taktiki və texniki cəhətdən heç də ən yaxşı günümüzdə deyildik. Amma bunun tam əksi olaraq, mental və fiziki cəhətdən yaxşı oyun sərgilədik. Rəqibin üzərimizdə yaratdığı təzyiqi dəf edə bildik. Boşluqlardan ağılla və məharətlə istifadə etdik və meydandan müsbət nəticə ilə ayrıldıq. Amma bilirik ki, biz daha yaxşısına qadirik və daha inamlı çıxış edə bilərik. Xüsusilə də ev oyununda dominant futbol oynamağa çalışacağıq.
- Artıq minimum vəzifə yerinə yetirilib. Cavab oyununa daha rahat çıxacağınızı düşünmək olarmı?
- Biz komfort axtarmırıq. Bütün dünyaya göstərmək istəyirik ki, Azərbaycanda futbol artıq hansı səviyyədədir və nə dərəcədə inkişaf edib. Bəlkə də qazandığımız nəticədən sonra müdafiə planında oynamaq və risk etməmək daha asan olardı. Amma biz komanda olaraq daha yaxşı futbol sərgiləməklə qələbə qazanmaq niyyətindəyik. İstərdik ki, dünya ictimaiyyəti bizi yaxşı futbolu ilə təəccübləndirən komanda kimi tanısın.
- Moldova klubu Bakıya revanş və mərhələ adlamaq arzusu ilə gəlib. Sizcə, cavab matçında "Şerif"ə qarşı necə oynamaq lazımdır?
- “Şerif” fərdi olaraq yüksəkkeyfiyyətli futbolçulardan ibarət təşkilatlanmış komandadır. Bilirik ki, onlar cavab oyununda ən yaxşısını etməyə çalışacaqlar. Top buraxmadan qollar vurmağa çalışacaqlar. Amma bu, bizi qorxutmur. İşimizə, rəqibə köklənmişik. Qələbə hesabını saxlaya bilsək, azarkeşlərimizi sevindirəcəyik.
- Avropa Liqasında komandanın qarşısına hansı hədəf qoyulub? Yəqin ki, ilk oyundakı qələbə iştahanızı artırıb…
- Məqsədimiz bəllidir. İlk oyunda qələbə qazanmağımız qarşıya qoyulan hədəflərimizə təsir etmir. Artıq avrokuboklarda mübarizə aparırıq. Azərbaycanı beynəlxalq arenada təmsil edirik. Bütün məqsədlərimizi, arzularımızı reallaşdırmalıyıq. Maksimum dərəcədə irəli getmək istəyirik.
- Artıq növbəti mərhələ haqqında düşünməyə başlamısınız?
- Bu barədə oyundan-oyuna düşünməliyik. Əvvəlcə sabahkı matçı qələbə ilə başa vurmaq, sonra digər komandalar haqqında fikirləşmək lazımdır.