Parisdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb VİDEO




Paris, 20 yanvar, AZƏRTAC
Azərbaycanın Fransadakı səfirliyində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə şəhidlərin xatirəsi anılıb, yanvar hadisələrinin tarixi əhəmiyyətindən danışılıb. Anım mərasimində Azərbaycan səfirliyinin, UNESCO-dakı daimi nümayəndəliyimizin əməkdaşları, Parisdə yaşayan həmvətənlərimiz iştirak edib.
20 Yanvar hadisəsinin 27-ci ildönümü Azərbaycan Xalq Cümhuriyyətinin memarlarından biri Əlimərdan bəy Topçubaşovun Parisin San Klu məzarlığındakı məzarı önündə yad edilib. Səfirliyimiz və UNESCO yanındakı daimi nümayəndəliyimizin adından Azərbaycanın ilk parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun məzarı önünə əklillər qoyulub.
Azərbaycanın azadlığı uğrunda həyatından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Ölkəmizin Fransadakı səfiri Elçin Əmirbəyov 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, o dövrkü SSRİ rəhbərliyi xalqımızın azadlıq uğrunda mübarizədə ölümdən belə qorxmadığının şahidi oldu. 20 Yanvar faciəsi xalqımızın müstəqillik istəyini boğmaq əvəzinə imperiyanın çökməsini sürətləndirdi. Sovet rəhbərliyi faciənin miqyasını bütün dünyadan gizlətməyə cəhd etsə də, elə ölkənin özündə bu qanlı cinayətə qarşı açıq etirazlar tüğyan etdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev imperiyanın paytaxtında 20 Yanvar faciəsinə kəskin münasibət bildirib və dinc insanlara qarşı atəş əmrini verənlərin cəzalandırılmasını tələb edib.
Ölkəmizin UNESCO-dakı daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov Azərbaycan xalqının öz cəsarəti və azadlıq arzusu ilə keçmiş SSRİ-nin digər xalqlarından fərqləndiyini bildirib. Xalqımızın öz taleyini özü həll etdiyini, qanı bahasına müstəqilliyini qazandığını diqqətə çatdırıb.
Bildirib ki, məhz bu səbəbdən bu gün hər bir azərbaycanlı müstəqil, azad dövlətimizin keşiyindədir.
Anım mərasiminin iştirakçıları Azərbaycanın müstəqillik tarixinin şərəfli bir yol olduğunu vurğulayıblar.
Sonra tədbir iştirakçıları Ceyhun Hacıbəylinin qəbrini də ziyarət ediblər.
20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı Parisdəki səfirliyimizdə şəhidlərin ruhuna ehsan süfrəsi də açılıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris