REGİONLAR
Yeni Azərbaycan Partiyasının yaranması mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi
Beyləqan, 14 noyabr, AZƏRTAC
Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmlənməsində, vətəndaş cəmiyyəti quruculuğunda fəal rol oynayan Yeni Azərbaycan Partiyasının (YAP) yaranması ölkəmizdə mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.
AZƏRTAC xəbər verir ki, bu fikir YAP-ın yaranmasının 25-ci ildönümü münasibətilə Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində keçirilən “Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır” adlı tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin qəsəbədəki büstü önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon mədəniyyət evində davam edən tədbir ulu öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə çıxış edən YAP Xocavənd rayon təşkilatının sədri Azər Süleymanov yarandığı vaxtdan ümumxalq partiyasına çevrilən, Azərbaycanı daim inkişafa aparan Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 25-ci ildönümü münasibətilə iştirakçıları təbrik edib, partiyanın keçdiyi uğurlu yola nəzər salaraq, əldə olunan nailiyyətlərdən danışıb. Bildirilib ki, YAP dövlətçiliyimizin qorunub saxlanması və möhkəmləndirilməsində, sosial-iqtisadi tərəqqinin əldə olunmasında müstəsna rol oynamaqla, ən mütəşəkkil, ən güclü və nüfuzlu, tərəqqipərvər siyasi partiya olduğunu təsdiq edib.
Digər çıxışlarda diqqətə çatdırılıb ki, YAP-ın proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq, mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirir.
Tədbirdə bir qrup partiya üzvünə fəxri fərman təqdim edilib.