REGİONLAR
“Səyyar muzey” Lələtəpənin bir addımlığında




Bakı, 7 dekabr, AZƏRTAC
Dekabrın 7-də Füzuli rayonunun ən ucqar yaşayış məntəqələrindən olan Qazaxlar kəndində “səyyar muzey” açılıb.
AZƏRTAC xəbər verir ki, “Səyyar muzey” layihəsi çərçivəsində keçirilən tədbirə aprel döyüşlərində düşməndən azad olunan Lələtəpənin bir addımlığında yerləşən Qazaxlar kənd tam orta məktəbinin müəllim və şagird kollektivi qatılıb.
Məktəbin girişində xüsusi hazırlanmış məkanda “Səyyar muzey” avtobusu ilə daşınmış eksponatlar və informativ plakatlar nümayiş etdirilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə koordinatoru Elşad Haqverdiyev, ekspert Mürsəl Behbudlu, məktəbin direktoru Təranə Cəfərova və başqaları “səyyar muzey”in gənclərin maarifləndirilməsində önəmindən danışıblar.
Sərgi zamanı suallara əsaslandırılmış cavablar verən şagirdlər “Ən fəal iştirakçı” sertifikatı ilə təltif olunublar. Şagirdlərə bukletlər, məlumat kitabçası, müxtəlif dəftərxana ləvazimatları paylanılıb. Sonda şagird və müəllimlərdən ibarət “Könüllü tarixçilər” qrupu yaradılıb.
Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi"ndə Xocavənd rayon Tuğ kənd 1 saylı tam orta məktəbi tərəfindən qalib olmuş layihənin əsas məqsədi “səyyar muzeylər” vasitəsilə məktəblər arasında mədəni irsimizin kompleks şəkildə təbliğinə dəstək verməkdən və muzeylərin mahiyyətini aşılamaqla onlarda bu işə marağın oyadılmasından ibarətdir.