Bolqarıstan televiziyasında Azərbaycan ilə bu ölkə arasında əlaqələr barədə məlumat verilib VİDEO
Sofiya, 29 yanvar, AZƏRTAC
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bu ölkənin “Üçüncü kanal” televiziya kanalına müsahibə verib.
Səfir Bolqarıstan-Azərbaycan əlaqələrinə toxunaraq energetika sahəsində əməkdaşlıqdan danışıb. O bildirib ki, 2014-cü ildə imzalanmış sazişə əsasən 2020-ci ilədək Azərbaycan Bolqarıstanda 1 milyon evi qazla təmin edəcək. Bolqarıstanın Azərbaycan üçün qaz tranziti ölkəsi kimi maraq göstərdiyi, Cənub Qaz Dəhlizinin regionun enerji təhlükəsizliyi baxımından mühüm rol oynadığı vurğulanıb. Yeni açılmış Bakı-Tbilisi-Qars dəmir yolundan bəhs edən səfir bunun iki qitə arasında ticarət dövriyyəsinin artmasına yönələn təkanverici amil olacağını bildirib.
Müsahibə zamanı Azərbaycanı bir il ərzində 1500 bolqar turistin ziyarət etdiyini vurğulayan səfir hər iki ölkədə bir sıra mühüm tədbirlərin keçirilməsi barədə danışıb. Nərgiz Qurbanova iki ölkə arasında strateji əməkdaşlığın sürətlə inkişaf etdiyini vurğulayıb.
Müsahibə “Standard”, “Blits”, “Fokus” agentlikləri və digər yerli KİV-lər tərəfindən də yayılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya