REGİONLAR
Xocavəndli gənclər Azərbaycan Gəncləri Gününü əsgərlərlə birgə qeyd ediblər


Beyləqan, 2 fevral, AZƏRTAC
Xocavəndli gənclər 2 Fevral - Azərbaycan Gəncləri Gününü Beyləqan rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə birgə qeyd ediblər. Gənclər gününün hərbi hissədə keçirilməsində məqsəd gənclərə vətənpərvərlik hisslərinin aşılanması, əsgərlərin mənəvi-psixoloji durumunun yüksəldilməsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocavənd rayon Gənclər və İdman İdarəsinin rayon icra hakimiyyəti ilə birgə keçirdiyi bədii-əyləncəli tədbirdə ictimai həyatda, mədəni-kütləvi tədbirlərdə fəal iştirak edən, idmanın müxtəlif növlərində, müsabiqə və intellektual oyunlarda yüksək nailiyyətlər qazanan gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xocavəndli gənclər əsgərləri Gənclər Günü münasibətilə təbrik edərək, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıblar.
Çıxışlarda ölkəmizdə ordu quruculuğu sahəsindəki uğurlardan, gənclərə göstərilən dövlət qayğısından bəhs edilib. Bildirilib ki, Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib.
Konsert proqramı ilə davam edən tədbirdə əsgərlər xocavəndli gənclərlə birgə rəqs edib, şeirlər söyləyiblər. Sonda hərbi hissənin şəxsi heyətinə bayram sovqatı və hədiyyələr təqdim olunub.