Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayı keçirilib YENİLƏNİB 3

Bakı, 5 fevral, AZƏRTAC

Fevralın 5-də Bakı Konqres Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı keçirilib.

AZƏRTAC xəbər verir ki, qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, sahə həmkarlar ittifaqları təşkilatlarından 1300-dək nümayəndə, dövlət və hökumət rəsmiləri, eləcə də 30 ölkədən 85 nəfər beynəlxalq həmkarlar ittifaqı liderləri və fəalları iştirak ediblər.

Qurultayı AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev açıb.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Reqlamentə uyğun olaraq, qurultayın gündəliyi təsdiq edilib və rəhbər orqanlarının - rəyasət heyətinin, redaksiya, mandat və hesablayıcı komissiyaların tərkibi və katibliyin üzvləri seçilib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

Səttar Möhbalıyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubuna və həmkarlar ittifaqları təşkilatlarının 114 üzvünün təltif olunması barədə sərəncamlarına görə AHİK-in üzvləri adından dövlətimizin başçısına minnətdarlığını bildirib.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Joao Felisio, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının prezidenti Mixail Şmakov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Pan Avropa Regional Şurasının prezidenti İrakli Petaraşvili, “Türk-İş” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ergün Atalay, Türkiyənin “Hak-İş” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Mahmud Aslan, Kamu-Sen Həmkarlar İttifaqları Konfederasiyasının sədri İsmayıl Koncuk, Məmur-Sen Həmkarlar İttifaqları Konfederasiyasının sədri Əli Yalçın, Avrasiya Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqları Federasiyasının sədri Cemail Bakındı çıxış edərək təbriklərini çatdırıblar.

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib. O deyib ki, bu il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu seçkilər həmkarlar ittifaqları qarşısında vəzifələr qoyur. Bilirik ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultaylarında həmişə İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürürsünüz. Bu dəfə də bütün həmkarlar ittifaqları işçilərini İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməyə çağırırıq.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbəti qurultayı ölkəmizin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni - dərin islahatlarla səciyyələnən yüksəliş mərhələsinə qədəm qoyduğu, cəmiyyətimizin ictimai-siyasi və mədəni həyatında dinamik proseslərin getdiyi, xalqımızın tarixinin həm acı, həm də əlamətdar hadisələrini qeyd etməyə hazırlaşdığımız bir dövrə təsadüf edir. Bu ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının100 ili, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 ili tamam olur. Gələn ay isə Azərbaycan xalqının məruz qaldığı ağır faciələrdən birinin - erməni millətçiləri tərəfindən 1918-1920-ci illərdə törədilən soyqırımının da 100-cü ildönümüdür. Bu il ölkəmizin həyatında həm də çox mühüm siyasi kampaniya - Prezident seçkiləri keçiriləcək. Aydındır ki, həmkarlar ittifaqları təşkilatları da ölkə həyatının ümumi axarından kənarda qalmayacaq, öz fəaliyyətini həmin məsələləri nəzərə almaqla quracaq.

Azərbaycan həmkarlar ittifaqlarının bir əsrdən artıqdır fəaliyyət göstərdiyini deyən Əli Həsənov ölkənin bu ən kütləvi ictimai təşkilatının keçdiyi tarixi yola nəzər salaraq bildirib ki, 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ali siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan həmkarlar ittifaqları öz inkişafının yeni mərhələsinə qədəm qoydu, bu qurumların fəaliyyəti fərqli məzmun kəsb etməyə başladı. Heydər Əliyev, ilk növbədə, həmkarlar təşkilatlarını müxtəlif siyasi qüvvələrin təsirindən qorudu, onların uzun illər ərzində yaradılmış maddi-texniki bazasının dağıdılmasının qarşısını aldı. Həmkarlar ittifaqlarının təşkili, idarə olunması və fəaliyyətində ideoloji amillərin təsiri aradan qaldırıldı, inzibati amirlik metodlarından imtina edildi, demokratik idarəçilik mexanizmlərini əsas tutan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasına hər cür dəstək verildi. 1994-cü ildə qəbul olunmuş “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu bu qurumun cəmiyyətimizdəki fəaliyyətinin müasir prinsiplər əsasında tənzimlənməsi üçün hüquqi baza yaradıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini diqqət mərkəzində saxlayan Ulu Öndər bu təşkilata öz missiyasını yerinə yetirmək üçün yaxından kömək göstərilməsi, sosial tərəfdaşlıq, əməyin mühafizəsi və əmək hüquqlarının qorunması sahəsində onun imkanlarından yararlanmaq üçün hökumət qarşısında vəzifələr qoyurdu. Təsadüfi deyil ki, 1997-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hər il ölkənin sosial-iqtisadi siyasətinin reallaşmasında razılaşdırılmış mövqelərini və birgə fəaliyyəti müəyyən edən Baş Kollektiv Saziş imzalayırlar. Ölkədə yoxsulluğun səviyyəsinin aşağı salınması və aztəminatlı əhalinin rifahının yaxşılaşdırılması sahəsində strategiyanın formalaşdırılması və onunla bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyevin 2001-ci il 2 mart tarixli Sərəncamı ilə yoxsulluğun azaldılması sahəsində Dövlət proqramının hazırlanması üzrə komissiyanın yaradılması nəzərdə tutulmuşdu. Sonralar Azərbaycan Prezidentinin sərəncamları ilə 2003-2005-ci və 2008-2015-ci illərdə ölkəmizdə yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət proqramları qəbul edilib və uğurla icra olunub.

Azərbaycan həmkarlar ittifaqlarının inkişafında 2004-cü ildən sonrakı dövrün keyfiyyət dəyişikliyi baxımından xüsusilə fərqləndiyini deyən Prezidentin köməkçisi bildirib ki, bu illər mübaliğəsiz olaraq, ölkədə həmkarlar təşkilatlarının fəaliyyətində yeni yüksəliş dövrü kimi xarakterizə oluna bilər. Bunun əsas səbəbləri birincisi, ümummilli lider Heydər Əliyevin həm inkişaf strategiyasının, həm də həmkarlar ittifaqlarına dair siyasətinin Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilməsindən, ikincisi, Azərbaycanda sürətli sosial-iqtisadi inkişaf və modernləşmə kursunun həyata keçirilməsindən ibarətdir.

Azərbaycan Prezidenti İlham Əliyevin siyasi xəttinin mərkəzində Azərbaycan vətəndaşı, onun mənafeyi dayanır. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsində ölkəmizdə ictimai-siyasi və makroiqtisadi sabitlik davamlı xarakter alıb, dinamik sosial-iqtisadi inkişaf və modernləşmə dövrü başlayıb. 2004-cü ildən etibarən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları uğurla yerinə yetirilir. Bu il dördüncü proqramın icrası başa çatdırılacaqdır. Bu proqramların və nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət daşımaqla, regionlarda yeni müəssisələrin və iş yerlərinin yaranmasına, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsinə və əhalinin rifah halının daha da yaxşılaşdırılmasına, yoxsulluq səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə mühüm təsir göstərib.

Prezidentin köməkçisi deyib ki, 14 il ərzində ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə artıb. Hazırda Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz təşkil edir. Ötən 14 il ərzində maaşlar beş dəfədən, pensiyalar isə səkkiz dəfədən çox artıb. Əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı dövlət büdcəsindən ayırmalar ilbəil artaraq 30 faizi ötüb. Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyəsinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir.

Ölkədə sosial sahənin inkişafının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətində də mühüm yer tutduğunu vurğulayan Əli Həsənov bildirib ki, Mehriban xanım daim təhsil, səhiyyə və mədəniyyətlə bağlı məsələlərə, aztəminatlı və qayğıya ehtiyacı olan insanlara xüsusi həssaslıqla yanaşıb, bu istiqamətlərdə çoxsaylı proqramların reallaşdırılmasına nail olub. Xüsusi vurğulamaq lazımdır ki, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həlli Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.

Azərbaycan Prezidenti İlham Əliyevin yeni ictimai-siyasi və liberal iqtisadi sistemin təşəkkül tapdığı müasir dövrdə insanların iqtisadi və sosial mənafelərinin, əmək hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının roluna həmişə böyük önəm verdiyini xatırladan Əli Həsənov deyib: “Cənab Prezident mütəmadi olaraq AHİK-in fəaliyyəti ilə maraqlanır, onun qurultaylarına təbrik məktubları göndərir, qiymətli tövsiyələrini verir, həmkarlar ittifaqları xadimlərini və fəallarını dövlət təltifləri ilə mükafatlandırır. İndiki dövrdə həmkarlar təşkilatları dövlətimizin onlara yaratdığı şəraitə adekvat olaraq Prezident İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü siyasətə layiqli dəstək verməli, əmək kollektivlərində öz işinin gücləndirilməsinə və tərəfdaşlarla səmərəli əməkdaşlığın dərinləşdirilməsinə diqqəti artırmalıdır. Həmçinin AHİK beynəlxalq əlaqələrini bundan sonra da genişləndirməlidir. Hazırda Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası kimi nüfuzlu beynəlxalq qurumların üzvü olan AHİK ölkəmizin beynəlxalq əlaqələrinin inkişafına öz töhfəsini verir. Düşünürəm ki, Konfederasiya bu istiqamətdə fəaliyyətini ardıcıl davam etdirməli, beynəlxalq platformalarla yanaşı, ayrı-ayrı ölkələrin oxşar qurumları ilə sıx təmaslar yaratmalıdır. Bu, həm qabaqcıl dünya təcrübəsinin ölkəmizdə tətbiqinə, həm də Azərbaycanın qazandığı nailiyyətlərin xaricdə tanıdılması və istifadə olunmasına imkan verərdi. Bir sözlə əminəm ki, Həmkarlar Konfederasiyası əldə olunmuş nailiyyətlərlə kifayətlənməyəcək, zamanın çağırışlarına uyğun çevik addımlar atmaqla öz fəaliyyətini təkmilləşdirəcək, cəmiyyətdə nüfuzlu mövqeyini daha da möhkəmləndirəcək”.

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxışlara və səmimi təbriklərə görə minnətdarlığını bildirib.

Sonra mandat komissiyasının hesabatı dinlənilib.

AHİK-in V qurultayı qısa fasilədən sonra işini davam etdirib.

Konfederasiyanın sədri S.Möhbalıyev bildirib ki, AHİK-in sıralarındakı 17 minədək həmkarlar ittifaqı təşkilatının V qurultaydan əvvəlki toplantılarında yüz minlərlə fəal üzv builki prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bəyan edib. Onlar bu istəklərinin qurultayda rəsmi sənədlərdə əksini tapması üçün mandat veriblər. Biz 2008-ci və 2013-cü il prezident seçkilərində olduğu kimi, bu dəfə də ənənəmizə sadiq qalaraq İlham Əliyevin namizədliyini dəstəkləyəcək və onun könüllü vəkilləri olacağıq.

Qurultayda 2018-ci ildə Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar layihəsi səsə qoyularaq qəbul olunub.

Qurultayın nümayəndələri qarşıdakı seçkilərdə namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə Prezident İlham Əliyevə müraciət ediblər.

AHİK-in sədri, Milli Məclisin deputatı S.Möhbalıyev hesabat məruzəsi ilə çıxış edərək Konfederasiyanın V qurultayının əlamətdar hadisə - qurumun yaradılmasının 25 illiyi ərəfəsinə təsadüf etməsini məmnunluqla vurğulayıb.

Konfederasiya sədri hazırda 1,5 milyona yaxın üzvü birləşdirən və Azərbaycanda ən böyük ictimai təşkilat olan AHİK-in fəaliyyət göstərdiyi 25 il ərzində qurumun inkişafında xidmətləri olan şəxslərə minnətdarlığını bildirib, dünyasını dəyişənlərə rəhmət diləyib. Qeyd edib ki, belə insanlar arasında ilk yerdə ulu öndərimiz Heydər Əliyev dayanır. Ulu öndər Heydər Əliyev vətəndaşların qanuni mənafelərinin, əmək hüquqlarının qorunmasında, sosial problemlərinin həllində mühüm rol oynayan həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətini həmişə yüksək qiymətləndirib. Xüsusilə Heydər Əliyevin 1994-cü ildə təsdiq etdiyi “Həmkarlar ittifaqları haqqında” Qanun Azərbaycanda həmkarlar ittifaqları hərəkatının müasir inkişafına təkan verib, təşkilatın cəmiyyətdəki rolunu gücləndirib.

Ulu öndər Heydər Əliyevin müdrik siyasətini qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasətin sayəsində Azərbaycanın sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrildiyini vurğulayan S.Möhbalıyev bildirib ki, dövlətimizin başçısının imzaladığı sərəncamlarla təsdiq edilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin davamlı sürətli tərəqqisi təmin olunub, iqtisadiyyat üç dəfədən çox artıb, yoxsulluğun və işsizliyin səviyyəsi minimum həddə enib.

Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının təşəbbüsü ilə Strateji Yol xəritələrinin qəbul edilməsi, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu inşası, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı, “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilədək uzadılması, Azərbaycanın müəllifi olduğu nəqliyyat dəhlizləri gələcəkdə də ölkəmizin uğurlu inkişafını təmin edəcək.

Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı 2016-cı il sentyabrın 26-da keçirilən referendumun əhəmiyyətini qeyd edən AHİK sədri əlavə və dəyişikliklərin 16-nın insan hüquq və azadlıqları ilə əlaqədar olmasının önəmini vurğulayıb. Bildirib ki, həmkarlar ittifaqlarının fəaliyyətinə bilavasitə aid olan “Tətil hüququ” adlı 36-cı maddəsinə edilən dəyişiklik həm maddəni tamamlayır, həm də işəgötürənlərin yerli-yersiz lokautdan istifadə etməsinin qarşısını alır.

Vurğulanıb ki, referendum nəticəsində ölkəmizdə vitse-prezidentlik institutunun təsis edilməsi idarəçiliyin daha da demokratikləşməsi yönündə mühüm addım oldu. 2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.

Məruzəçi qeyd edib ki, AHİK hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənclərimizin hərbi xidmətə hazırlığı prosesində fəal iştirak edir. Konfederasiya 2000-ci ildən C.Naxçıvanski adına Hərbi Liseyi hamiliyə götürüb. İndiyədək liseyin həyatında fərqlənən 250-dən çox kursant mükafatlandırılıb. Hesabat dövründə kursantlara 12,5 min, Silahlı Qüvvələrə Yardım Fonduna isə 50 min manat ödənilib.

Bildirilib ki, AHİK dünyanın əksər mütərəqqi həmkarlar ittifaqları mərkəzləri, o cümlədən Türkiyə, Fransa, Polşa, Belçika, Yaponiya, İtaliya, Macarıstan, Yunanıstan, Norveç, İsrail, Bolqarıstan, Litva, Latviya, Çin və MDB ölkələrinin həmkarlar ittifaqları təşkilatları ilə səmərəli əməkdaşlıq edir. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK), MDB ölkələri həmkarlar ittifaqlarının daxil olduğu Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) üzvü olan AHİK-in sədri BHİK-in, Pan Avropa Regional Şurasının vitse-prezidentidir.

Səttar Möhbalıyev deyib ki, hazırda Konfederasiyanın sıralarında 1,5 milyona yaxın üzvün birləşdiyi 16 min 901 həmkarlar ittifaqları təşkilatı fəaliyyət göstərir. Son 5 ildə 507 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb, 56 min 497 nəfər həmkarlar ittifaqı üzvlərinin sırasına cəlb edilib.

Qeyd olunub ki, ölkəmizdə sosial tərəfdaşlığın inkişaf etdirilməsi sahəsində görülən işlər müsbət nəticə verir. Azərbaycan həmkarlar ittifaqları tripartizmi dəstəkləyir, sosial dialoq və sosial ədalət prinsiplərinə tərəfdardır. AHİK-in Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması təklifləri ilə bağlı Nazirlər Kabineti, AHİK və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsi haqqında birgə qərar imzalanıb. Bununla da Azərbaycan həmkarlar ittifaqları yeni inkişaf mərhələsinə qədəm qoyub.

Vurğulanıb ki, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 17 mart tarixli Sərəncamı ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının yaradılması xüsusi önəm daşıyır. Əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı təsdiqlənib, işçi qrupu, Komissiya yanında Qeyri-Rəsmi Məşğulluqla Mübarizə Mərkəzi yaradılıb. Hazırda qeyri-rəsmi fəaliyyətlə məşğul olanların bir milyon nəfərinin Tədbirlər Planının icrası nəticəsində mərhələli şəkildə real iş sektoruna cəlb olunması gözlənilir. Hesabat dövründə 3 Baş Kollektiv Saziş, hər il orta hesabla 110 sahə (tarif) sazişi, 12 min kollektiv müqavilə bağlanıb. Həmin sənədlərdə həmkarlar ittifaqlarının tələbləri əksini tapıb. Bu sahədə görüləcək işlərə Azərbaycan Respublikasının “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” təminat yaradır. AHİK bu Proqramın hazırlanmasında fəal iştirak edib.

Bildirilib ki, “Layiqli Əmək üzrə Ölkə Proqramı” hazırlanarkən qeyri-formal iqtisadiyyatın leqallaşdırılması, gender bərabərliyinin təmin olunması, diskriminasiya hallarının qarşısının alınması problemlərinə diqqət artırılıb. Digər tərəfdən, işsizliyin aradan qaldırılması, gənclərin məşğulluğunun təmin edilməsi, layiqli iş yerlərinin yaradılması da önəmli məsələlərdəndir. 2016-2020-ci illər üçün Proqramın həyata keçirilməsində Milli Üçtərəfli Komissiya özünəməxsus rol oynayacaq. AHİK-in sosial tərəfdaşlarla konstruktiv əməkdaşlığı Proqramın uğurlu icrasına imkan yaradıb.

AHİK müvafiq dövlət orqanları tərəfindən göndərilmiş normativ hüquqi aktların layihələrinin ekspertizasında iştirak etməklə yanaşı, Dəyişdirilmiş Avropa Sosial Xartiyasının və BƏT-in konvensiyalarının tələblərinə cavab verməsi baxımından mövcud qanunlara dəyişiklik olunması təklifi ilə çıxış edib. BƏT-in Milli Məclisdə ratifikasiya edilmiş konvensiyalarında əksini tapmış əsas prinsip və hüquqlara əməl olunması AHİK-in daim diqqət mərkəzində saxladığı məsələlərdəndir. AHİK Azərbaycanın BƏT-in 168, 155, 184, 97 saylı konvensiyalarına qoşulması təklifi ilə çıxış edib və bu sahədə məqsədyönlü iş aparır.

Diqqətə çatdırılıb ki, respublikamızda əməyin mühafizəsi ilə bağlı qanunların, digər normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində xeyli iş görülüb.

Məruzədə qeyd olunub ki, hesabat dövründə zonalar üzrə 875 tematik seminar keçirilib. Bu tədbirlərdə həmkarlar ittifaqlarının 23 minədək fəal üzvü iştirak edib, 4598 nəfər anket sorğularını cavablandırıb. On ilə yaxındır ki, AHİK hər il “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqələr keçirir. Ötən müddətdə müsabiqələrdə 9328 müəssisə iştirak edib. Onlardan 297-si qalib adına layiq görülüb.

Məruzəçi qeyd edib ki, AHİK qeyri-formal iqtisadiyyatın və onun işçilərə təsirinin səviyyəsini aşağı salmaq istiqamətində mühüm tədbirlər həyata keçirir. Azərbaycan Prezidentinin tapşırığı ilə ölkədə mövcud demoqrafik meyillər və inkişaf perspektivləri, iqtisadi prioritetlər əsasında uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması üçün Azərbaycan Respublikası Məşğulluq Konsepsiyasının hazırlanması üzrə yaradılmış İşçi Qrupuna AHİK sosial tərəfdaşları ilə birgə daxil edilib və üzərinə düşən vəzifəni uğurla yerinə yetirib.

AHİK-in ölkəmizdə həyata keçirilən gənclər siyasəti çərçivəsində gördüyü işlərdən danışan S.Möhbalıyev deyib ki, qurumun İcraiyyə Komitəsinin “Gənc həmkarlar ittifaqı lideri məktəbi - gənc işçilər üçün kompleks proqram haqqında” qərarı buna bariz nümunədir. Konfederasiya gənclərin ixtisaslı kadr kimi hazırlığı işinə töhfə vermək üçün “İlin peşəkar gənci” fəxri adını təsis edib. İndiyədək 107 gənc bu ada layiq görülüb. Həmçinin əlavə və ictimai işlərdə fərqlənən tələbələrə həmkarlar ittifaqının vəsaiti hesabına adlı təqaüd, orta məktəb şagirdlərinin bir qisminə təqaüd verilir. Dörd minə yaxın imkansız ailədən olan tələbə həmkarlar ittifaqının vəsaiti hesabına universitetlərdə pulsuz nahar edir. Həmkarlar ittifaqları tərəfindən 156 tələbə üçün adlı təqaüd müəyyənləşdirilib. Tələbələrin yemək xərclərinə 341 min manat, həmkarlar ittifaqı fəalı olan əlaçı tələbələrə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdlərinin ödənilməsinə 201 min manat, müsabiqə qaliblərinin mükafatlandırılmasına 194 min manat, “Maarifçi” Tələbə Kredit Fondunun maliyyələşməsinə 100 min manat vəsait sərf olunub, 66 aztəminatlı ailənin uşaqlarının təhsil haqları həmkarlar ittifaqları tərəfindən ödənilib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə AHİK-ə daxil olan 1580 ərizənin sahiblərinə 135,2 min manat, 20 Yanvar şəhidlərinin ailə üzvlərinə 57,9 min manat, “Günəşli” yatağında itkin düşmüş və xəsarət almış neftçilərin ailələrinə 49,5 min manat, “Ölkəmizi tanıyaq” tur-aksiyalarının maliyyələşdirilməsinə 483 min manat, Qarabağ müharibəsi əlillərinə 36,3 min manat, himayəyə götürülmüş ailələrə 169,1 min manat, mətbuat işçilərinə 17,2 min manat, AMEA-da keçirilmiş müsabiqələrin qaliblərinə 44,5 min manat, sahə həmkarlar ittifaqları tərəfindən 49 min 606 qaçqın və məcburi köçkün ailəsinə pul və ərzaq yardımları göstərilib. Ümumilikdə hesabat dövründə həmkarlar ittifaqları tərəfindən 31,2 milyon manat, o cümlədən AHİK üzrə bir milyon manat maddi yardım göstərilib.

Bildirilib ki, AHİK qadınların sosial-iqtisadi həyatda fəal iştirakına, həmkarlar ittifaqlarının strukturlarında daha çox təmsil olunmalarına, onların rolunun gücləndirilməsinə xüsusi diqqət yetirib. Ötən beş il ərzində gender məsələlərinin həlli üzrə beynəlxalq təşkilatlarla, dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə birlikdə 11 min 27 konfrans, seminar, “dəyirmi masa” və digər tədbirlər keçirilib. Hazırda həmkarlar ittifaqı üzvlərinin 52,3 faizi, AHİK aparatında işləyənlərin isə 48 faizi qadınlardır.

Qeyd olunub ki, son beş ildə həmkarlar ittifaqı üzvlərindən AHİK-ə və üzv təşkilatlara 786 min 484 ərizə və şikayət daxil olub. Onların 6,4 faizi işçilərin əmək hüquqlarının pozulması ilə əlaqədar olub. Ərizə və şikayətlərin 95,2 faizi müsbət həll edilib. AHİK-ə və üzv təşkilatlara daxil olan ərizələrin əksəriyyəti maddi yardımla bağlı olub. Onların hamısı həmkarlar ittifaqları təşkilatları tərəfindən müsbət həll edilib.

Məlumat verilib ki, üzvlərin istirahəti və sağlamlıqlarının bərpası hesabat dövründə də diqqət mərkəzində saxlanılıb. Konfederasiya “Azərbaycan Respublikasında Kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə tabeliyində fəaliyyət göstərən sanatoriya-kurortlarda, istirahət evlərində əsaslı təmir, yenidənqurma və abadlıq işləri aparıb, yeni qurğu və avadanlıqla təmin olunmasını həyata keçirib. Bunun sayəsində “Bilgəh”, “Abşeron”, “Qaranquş”, “Günəşli”, “Şıx” sanatoriyaları ən müasir tələblərə cavab verən istirahət və müalicə müəssisələrinə çevrilib.

Ötən beş ildə həmkarlar ittifaqları tərəfindən 308 min 223 nəfərin müalicəsi və istirahəti təmin olunub. Sanatoriya-kurort və istirahət müəssisələrində 291 min 973 nəfər, o cümlədən 35 min uşaq və yeniyetmənin valideynləri ilə birlikdə istirahəti təşkil olunub. Təhsil, Dövlət İdarələri, Dəmir yolu, Rabitə, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika komitələri öz vəsaitləri hesabına müasir istirahət mərkəzləri tikib istifadəyə veriblər. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi istirahət ocağının tikintisini davam etdirir.

AHİK sədri Azərbaycan həmkarlar ittifaqlarının yaranmasının 110 illiyinin geniş qeyd olunduğunu vurğulayaraq, həmin ərəfədə dövlətimizin başçısının sərəncamları ilə 109 nəfərin orden, medal və fəxri adlarla təltif olunduğunu deyib. Bildirib ki, Prezident tərəfindən təltif olunanların sayı ümumilikdə 344-ə çatıb. Onlardan 213-ü ötən hesabat dövrünə aid olub. Bu yüksək diqqətə görə Prezident İlham Əliyevə AHİK-in üzvləri adından dərin minnətdarlığını bildirən S.Möhbalıyev Konfederasiyanın bu etimadı layiqincə doğruldaraq mühüm uğurlar qazandığını xatırladıb. Bildirib ki, BƏT-in 106-cı sessiyasında Azərbaycan Respublikası ilk dəfə təşkilatın rəhbər orqanına üzv seçilib.

Sonra AHİK-in təftiş komissiyasının hesabat məruzəsi dinlənilib.

AHİK-in 2013-2018-ci illərdəki fəaliyyətinə dair hesabat məruzəsi ətrafında çıxışlarda qurumun işi qənaətbəxş hesab olunub. Çıxışlarda, həmçinin AHİK-in sədri vəzifəsinə Səttar Suliddin oğlu Möhbalıyevin namizədliyi irəli sürülüb.

Sonra AHİK-in və təftiş komissiyasının hesabat məruzələri səsə qoyularaq təsdiqlənib.

Daha sonra təşkilati məsələlərə baxılıb, AHİK-in sədri vəzifəsinə seçkilər keçirilib.

Milli Məclisin deputatı Səttar Suliddin oğlu Möhbalıyev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilib.

Həmçinin AHİK sədrinin səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılması məsələsi səsə qoyularaq təsdiqlənib.

Qurultayda AHİK məclisinin, təftiş komissiyasının tərkibi də seçilib və s. təşkilati işlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Daha sonra AHİK-in V qurultayının nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bütün dünya həmkarlar ittifaqlarına müraciəti səsləndirilib.

Müraciət səsə qoyularaq təsdiq olunub.

Bununla da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayı işini başa çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Tramp sentyabrda İrlandiyaya səfər edəcək

Ukrayna və Finlandiya birgə dron istehsalına başlayır

Qvineyada torpaq sürüşməsi nəticəsində 30-dan çox insan həlak olub

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub YENİLƏNİB

Türkiyədə meşə yanğını ilə bağlı on iki şübhəli həbs edilib

Mil-Muğan regionunda “Şəhərdən kəndə mədəniyyət karvanı” layihəsinə start verilib

Norveç kralı V Haraldın səhhəti pisləşib

İran Hörmüz boğazından keçid qaydalarını sərtləşdirir

Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Xalq artisti Tofiq Bakıxanov vəfat edib

Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir

Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək

Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib YENİLƏNİB VİDEO

Qazaxıstanda Qurultay seçkiləri: “Ədalət” partiyası 71,8 faiz səs toplayıb

Yeni Daşkənd şəhərində “Azərbaycan” parkının təməli qoyulub VİDEO

Belarus və Şimali Koreya arasında vizasız rejim tətbiq olunacaq

Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə “Oxunguzar” incəsənət məkanı ilə tanış olublar VİDEO

Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanışlıq VİDEO

Premyer Liqa: “Neftçi” 3 xalı darmadağınla qazanıb

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatının son günündə iki medal qazanıblar

Naxçıvanda yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb

Mustafa Aşurov: Azərbaycan–Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var

Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib YENİLƏNİB VİDEO

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb

Voleybol millisinin kapitanı: Komanda yoldaşlarım əla mübarizə apardılar

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir VİDEO

Eldor Şermanov: Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələr xalqlarımızın yaxınlığını daha da möhkəmləndirir VİDEO

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

Prezident İlham Əliyev Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış olub VİDEO

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli

Azərbaycan Premyer Liqası: “Turan Tovuz” ilə “Şamaxı” komandasının qarşılaşması heç-heçə başa çatıb

Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub YENİLƏNİB VİDEO

Media əməkdaşlığı Azərbaycan və Özbəkistan xalqlarının ortaq dəyərlərini auditoriyaya çatdırmağa imkan yaradır  ŞƏRH  VİDEO

Media əməkdaşlığı Azərbaycan və Özbəkistan xalqlarının ortaq dəyərlərini auditoriyaya çatdırmağa imkan yaradır ŞƏRH VİDEO

Azərbaycanın və Özbəkistanın Xalq artisti: Bu adı daşımaq böyük qürur olmaqla yanaşı, sənət qarşısında ciddi məsuliyyətdir

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi İspaniyaya qalib gəlib

Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

Bu saata olan əsas xəbərlər

Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevə

Vidadi Qafarov: Azərbaycan-Özbəkistan teatr əlaqələri uzun və zəngin tarixə malikdir

Nizami Gəncəvi və özbək ədəbiyyatı VİDEO

Nizami Gəncəvi və özbək ədəbiyyatı VİDEO

Qazaxıstanda Qurultaya seçkilərdə səsvermə başa çatıb YENİLƏNİB 3

Daşkənddə Azərbaycanın və Özbəkistanın birinci xanımlarının çay masası əsnasında təkbətək görüşü olub VİDEO

Sahib Paşazadə: Azərbaycan-Özbəkistan mədəni əlaqələri yeni layihələrlə daha da genişlənir

Direktor: MEK Özbəkistanın aparıcı kitabxanaları ilə geniş əməkdaşlıq edir

Azərbaycan Prezidentinin dövlət səfəri Özbəkistan mətbuatında

Əməkdar artist: Azərbaycan-Özbəkistan birgə mədəni layihələri xalqlarımızı daha da birləşdirir

Özbəkistanla yüksəksəviyyəli intensiv təmaslar effektiv nəticələr doğurur Ekspert rəyi

Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər VİDEO

Azərbaycan və Özbəkistan alimləri iki ölkənin coğrafi və ekoloji problemlərini müqayisəli şəkildə tədqiq edirlər

Prezident İlham Əliyevin dövlət səfəri regional iqtisadi əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıyır ŞƏRH

“Fənərbağça”nın 2 futbolçusu “Lyon”la cavab oyununu buraxacaq

Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafına 50 ildən çox töhfə verən alim - Yaşar Qasımbəyli

İki dövlət arasında formalaşan yeni əməkdaşlıq modeli qarşılıqlı etimada və davamlı inkişafa töhfə verəcək RƏY

Azərbaycan Evində Estoniyanın müstəqilliyinin bərpasının 35-ci ildönümü qeyd olunub

Azərbaycan-Özbəkistan müttəfiqliyi yeni məzmun qazanır ŞƏRH

Azərbaycan-Özbəkistan idman əməkdaşlığı iki qitəni birləşdirən strateji körpüdür - ŞƏRH

Azərbaycan – Özbəkistan təhsil əməkdaşlığı: qarşılıqlı təşəbbüslər və yeni inkişaf perspektivləri

Xayotjon İbrahimov: Azərbaycan–Özbəkistan münasibətləri dərin institusional müttəfiqlik xarakteri daşıyır

Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub VİDEO

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ikitərəfli münasibətlərdə mühüm siyasi mərhələdir - ŞƏRH

Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər VİDEO

Ş.M.Mirziyoyevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Manuel Noyer tarixdə ən çox titul qazanan alman futbolçu olub

Azərbaycan-Özbəkistan əməkdaşlığı ticarətdən investisiya və istehsal mərhələsinə keçir – ŞƏRH

Camşed Jurayev : İctimai əlaqələr Azərbaycan-Özbəkistan münasibətlərinə xüsusi töhfə verir

Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub YENİLƏNİB VİDEO

Siyasi şərhçi: Azərbaycan–Özbəkistan münasibətləri siyasi etimaddan strateji və iqtisadi tərəfdaşlığa doğru inkişaf edir

İqtisadçı-ekspert: Azərbaycan-Özbəkistan əməkdaşlığı Türk dünyasının inkişafına mühüm töhfə verəcək

Azərbaycanla Özbəkistan arasındakı iqtisadi əlaqələr Orta Dəhlizin inkişafında mühüm yer tutur ŞƏRH

Azərbaycan Özbəkistanda istehsal olunan yaşıl enerjinin Avropaya ötürülməsi üçün əlverişli tranzit ölkədir

Ermənistan vətəndaşları elektron viza sistemi ilə yoxlamadan keçdikdən sonra Şimali Kiprə daxil ola biləcəklər

Azərbaycan və Özbəkistanın regionlararası inteqrasiyası: Bakı–Daşkənd xəttindən bölgələrin strateji tərəfdaşlığınadək

Azərbaycan-Özbəkistan: təhsildə qardaşlıq körpüsü

Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO

Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO

Azərbaycan-Özbəkistan elmi əlaqələrinin inkişafında Şərqşünaslıq İnstitutunun rolu

Azərbaycan-Özbəkistan enerji əməkdaşlığında yeni mərhələ: SOCAR-dan Trans-Xəzər layihələrinə

Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar YENİLƏNİB VİDEO

Politoloq: Azərbaycan-Özbəkistan münasibətləri qardaşlıqdan müttəfiqliyə uzanan strateji yüksəliş yolunun bariz nümunəsidir

Çempionlar Liqası: “Sabah” – “Hapoel” oyunu rumıniyalı hakimlərə tapşırılıb

Azərbaycan–Özbəkistan münasibətləri dövlətlərarası əlaqələrin mükəmməl nümunəsinə çevrilib  ŞƏRH

BSU-da özbək dilinin tədrisinə maraq artır: yeni tədris ili üçün 45 yer proqnozlaşdırılır

Hikmət Hacıyev: Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır VİDEO

Hikmət Hacıyev: Azərbaycan-Özbəkistan dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır VİDEO

Voleybol üzrə Avropa çempionatı: Azərbaycan millisi İspaniyaya qarşı

Prezident İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib VİDEO

Səidə Davletova: Azərbaycan ilə Özbəkistan arasında münasibətlər rəsmi çərçivələrə sığmır VİDEO

Səidə Davletova: Azərbaycan ilə Özbəkistan arasında münasibətlər rəsmi çərçivələrə sığmır VİDEO

Azərbaycan-Özbəkistan: təhsil əməkdaşlığından ortaq elmi mühitə doğru

Prezident İlham Əliyevin dövlət səfəri: Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələ  ŞƏRH

Nicat Abdullayev: Azərbaycan və Özbəkistan universitetləri arasında əməkdaşlıq üçün geniş potensial var

ABŞ-də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

Professor Səyyarə İbadullayeva: Azərbaycan-Özbəkistan elmi əməkdaşlığı yeni istiqamətlər üzrə inkişaf edir

Azərbaycanın MMA döyüşçüləri dünya çempionatında gümüş medal qazanıblar

Azərbaycan–Özbəkistan müttəfiqliyi regional əməkdaşlığın mühüm dayaqlarındandır ŞƏRH

Azərbaycan və Özbəkistan arasında idman sahəsində əməkdaşlıq: Əsas istiqamətlər və perspektivlər