REGİONLAR
Xocavənd qəsəbəsində “Soyqırımı Qaradağlı” filmi nümayiş olunub

Beyləqan, 16 fevral, AZƏRTAC
Xocavəndli məcburi köçkünlər üçün Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsindəki mədəniyyət evində “Soyqırımı Qaradağlı” filmi nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə 26 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd rayonunun Qaradağlı kəndinin işğal edilməsi və dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı cinayəti haqqında məlumat verilib. Bildirilib ki, erməni işğalçılarına qarşı 4 il qəhrəmanlıqla mübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı həyata keçirilib. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub. 146 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb.
Sonra məktəblilər “Soyqırımı Qaradağlı” filminə baxıblar.