REGİONLAR
Bu günədək 1040 nəfər xocavəndli məcburi köçkün tibbi müayinədən keçib







Beyləqan, 2 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublikamızın hər yerində olduğu kimi, Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində də əhalinin tibbi müayinəsi uğurla davam edir.
Xocavənd Rayon Mərkəzi Xəstəxanasının baş həkimi əvəzi Rüfət Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, müayinələrin uğurla həyata keçirilməsi üçün 10 nəfərdən ibarət müxtəlif ixtisaslı həkimlər olmaqla 2 briqada yaradılıb. Beyləqan rayonu ərazisindəki Xocavənd, Yeni Xocavənd, Yeni Tuğ, Yeni Qaradağlı və 320 ailəlik qəsəbələrdə məskunlaşan xocavəndli məcburi köçkünlərin tibbi müayinəsi rayon mərkəzi xəstəxanasında aparılır. Sakinlər burada müxtəlif ixtisaslı həkimlərin qəbulunda olur, kardioqram, ultrasəs və s. müayinələrdən keçirilir.
Fevralın 12-dən indiyədək rayon üzrə 1040 nəfər sakin müayinə olunub. 96 nəfər ambulator, 20 nəfər stasionar müalicəyə cəlb edilib, 1 nəfər müalicə almaq üçün paytaxta göndərilib. Səyyar həkim briqadaları martın 10-dan başlayaraq, Ağcabədi rayonu ərazisindəki 556 ailəlik qəsəbədə və Beyləqan rayonu ərazisində məskunlaşmış xocavəndli məcburi köçkünlərin müayinəsini həyata keçirəcəklər.
Əhalinin tibbi müayinəsi xocavəndli məcburi köçkünlər tərəfindən rəğbətlə qarşılanır. Tibbi müayinədən keçən Salakətin kənd sakini Şamama Hüseynova və Xocavənd kənd sakini Emin Əliyev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində tibbi müayinələrdən razılıq edib, insanların sağlamlığına xidmət edən aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.