REGİONLAR
Xocavəndli gənclər səsvermə proseduru və qaydaları barədə məlumatlandırılıb

Beyləqan, 15 mart, AZƏRTAC
Xocavəndli məcburi köçkünlərin məskunlaşdığı Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində “Seçkilərə qatıl, gələcəyinə səs ver” mövzusunda keçirilən tədbirdə gənclərə səsvermə proseduru və qaydaları barədə ətraflı məlumat verilib. Toplantıda seçkilərdə ilk dəfə səs verəcək, həmçinin rayonun fəal, tanınan və uğur qazanmış gəncləri, ictimaiyyət nümayəndələri iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocavənd Rayon Gənclər və İdman İdarəsinin rəisi Aslan Quliyev çıxış edərək, ilk dəfə səs verəcək gəncləri təbrik edib, aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri barədə məlumat verib, gənc seçiciləri fəal olmağa çağırıb. Bildirib ki, tədbirin keçirilməsində məqsəd ilk dəfə səs verəcək gəncləri maarifləndirmək, seçki prosesini və seçkilərdə fəal iştirakı təbliğ etməkdir.
Xocavənd Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Nasir Quliyev və Salakətin kənd tam orta məktəbin müəllimi Anar İbrahimov seçki prosesi barədə məlumat verib, gənclərin ictimai-siyasi həyatdakı rolundan, seçkilərdə iştirakın əhəmiyyətindən danışıblar.
Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.