İQTİSADİYYAT
Daşınar əmlakın yüklülüyünün dövlət reyestri təqdim olunub YENİLƏNİB
Bakı, 15 mart, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən yaradılmış daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, MBNP-nin baş icraçı direktoru İbrahim Alışov çıxışında 2016-2017-ci illər ərzində dövlət təşkilatları, publik hüquqi şəxslər, habelə maliyyə bazarlarının iştirakçıları tərəfindən ölkə Prezidentinin müəyyənləşdirdiyi iqtisadi siyasətin icrası nəticəsində müsbət iqtisadi meyillərin yarandığını, inflyasiyanın azaldığını, milli valyutanın məzənnəsinin sabitləşdiyini, bank sektoruna kapital qoyuluşlarının təmin edildiyini, əmanətlərin artdığını və əhalinin maliyyə sektoruna etimadının bərpa olunduğunu bildirib.
Diqqətə çatdırılıb ki, maliyyə bazarlarına etimadın bərpası və kredit aktivliyinin artırılması istiqamətində aparılmış xüsusi əhəmiyyətli institusional islahatlar isə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun və Özəl Kredit Bürosunun yaradılması olub. Baş icraçı direktor daşınar əmlakın yüklülüyünün reyestrinin formalaşdırılmasının da maliyyə vasitəçiliyinin dərinləşməsində əhəmiyyətli rola malik olacağını deyib.
Reyestrin əsas fəaliyyət prinsiplərinin dövlət qeydiyyatında olmayan əmlakların yüklülüyünün bazasının yaradılması, borcverən tərəflərin bu məlumatlara sərbəst çıxışının təmin edilməsi, yüklü əmlakın təkrar istifadəsinin məhdudlaşdırılması, yüklü edilmiş əmlakın məhkəmədənkənar realizasiyası və bununla da təminat çeşidinin artırılması olduğunu qeyd edən İ.Alışov sözügedən reyestrin ölkədə yeni kreditləşmə fazasına keçidi şərtləndirən amil olacağını vurğulayıb.
"Reyestrin effektiv fəaliyyəti daşınmaz əmlak təminatı olmayan hüquqi və fiziki şəxslərin daşınar əmlaklarını reyestrdə yüklü etməklə kredit təşkilatlarından vəsaitlər cəlb etməsini stimullaşdıracaq ki, bu da nəticədə maliyyə əlçatanlığının artımını şərtləndirəcək. Bundan əlavə, reyestrin fəaliyyəti biznes mühitinin əlverişliliyinə müsbət töhfə verəcək və ölkənin beynəlxalq reytinqlərinin yüksəlməsini şərtləndirəcək", - deyə baş icraçı direktor diqqətə çatdırıb.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Maliyyə Bazarlarına Nəzarət Palatasının bu təşəbbüsünü yüksək qiymətləndirərək, daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin ölkə iqtisadiyyatına verəcəyi töhfənin uğurlu olacağını bildiriblər.
Qeyd edək ki, daşınar əmlakın yüklülüyünün dövlət reyestri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-ci il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin 2.3.2-ci tədbirinə uyğun olaraq yaradılıb.