REGİONLAR
Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar ədalətli mövqe tutaraq işğalçıya öz yerini göstərməlidirlər

Beyləqan, 15 mart, AZƏRTAC
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller martın 15-də xocavəndli məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Beyləqan rayonu ərazisində salınmış Xocavənd qəsəbəsində olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qonaqlarla görüşdə onları Qarabağda, öz doğma yurdlarında salamlayacağına ümid etdiyini bildirib. Qeyd edib ki, bunun üçün ilk növbədə Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalı, işğal olunmuş Azərbaycan torpaqları tezliklə azad edilməli və öz vətənində məcburi köçkünə çevrilmiş bir milyon insanın pozulmuş hüquqları bərpa olunmalıdır. Bunun həyata keçməsi, regionda əbədi sülhün təmin olunması üçün isə dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar ədalətli mövqe tutaraq işğalçıya öz yerini göstərməlidir.
“Dünyanın güclü dövlətləri ATƏT-in üzvüdürlər. Bu dövlətlərin nümayəndələri münaqişə ilə bağlı hər dəfə gəlib-getsələr də, heç bir nəticə yoxdur. Belə görünür ki, aparıcı dövlətlər işğalçı Ermənistanı öz adı ilə çağırmaq istəmir və bu dövlətə dəstək verirlər. Əfsuslar olsun ki, bu cür ikili standartlar davam edir. 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu münaqişənin həlli ilə bağlı bu günə kimi heç bir uğura imza atmayıb. Belə olduğu halda isə bizim yalnız bir çıxış yolumuz qalır - bu məsələni öz gücümüzə həll etmək. 2016-cı ilin aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan Ordusu istənilən vaxt öz torpağını azad etməyə qadirdir”, - deyə E.Hüseynov bildirib.
Daha sonra bölgədəki vəziyyətlə bağlı monitorinq iştirakçılarına ətraflı məlumat verən icra hakimiyyətinin başçısı rayon ərazisində bütün təmas xətti boyu atəşkəs rejiminin demək olar ki, hər gün pozulduğunu və bir çox hallarda daha intensiv xarakter daşıdığını qeyd edib. Hərbiçilərlə yanaşı, təmas xəttinə yaxın ərazilərdə yaşayan, təsərrüfat işləri ilə məşğul olan mülkü şəxslər, onlara məxsus avtomobillər, mal-qara və atların Ermənistan ordusu tərəfindən hədəf seçildiyi diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan xalqı öz torpaqlarının itirilməsi ilə heç vaxt razılaşmayacaq və hansı yolla olursa-olsun, öz ərazi bütövlüyünü təmin edəcək.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri ətraflı məlumat üçün təşəkkür ediblər.